Stokholm, 16 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Ötən il İsveç muzeylərinə ziyarət edənlərin sayı əvvəlki illə müqayisədə 1,8 faiz azalıb. Belə ki, muzeylərə 19,6 milyondan çox əyani ziyarət təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar “İsveç Muzeyləri” təşkilatının 230 muzey və onların filiallarından əldə olunmuş informasiyalar əsasında hazırlanmış illik hesabatında əksini tapıb.
Eyni zamanda, muzeylərin rəqəmsal auditoriyası əhəmiyyətli dərəcədə artıb. Muzey sektorunun nümayəndələri bildirirlər ki, rəqəmsal kanallarda aktivliyin artması muzeylərin onlayn mövcudluğunun möhkəmlənməsindən xəbər verir.
Muzeylərin veb-saytlarına ziyarətlərin sayı 2024-cü ildə 24 milyondan ötən il 32 milyona yüksəlib. Ziyarətlərin ümumi azalmasına baxmayaraq, 76 muzeyin ziyarətçi sayında artım qeydə alınıb.
Ötən il ölkədə ən çox ziyarət edilən XVII əsrə aid “Vasa” gəmisi muzeyi, açıq səma altında etnoqrafik kompleks olan “Skansen” və Şimal ölkələri muzeyi olub.