AZ

“Bəzi hörmətsizliklər var ki, qəbul olunmur” – Premyer Liqada 52 qol vuran

Amil Yunanovun “Şəfa” karyerası başa çatdı.

Ötən mövsüm paytaxt təmsilçisinin ən məhsuldar futbolçusu adını qazanan 32 yaşlı forvard cari mövsümdə gözə dəymirdi.

Digər hücumçular şans qazandığı halda, Yunanov ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilmişdi. Vəziyyətin bu cür davam etməyəcəyi gün kimi aydın idi.

Klub ayrılıq xəbərini ictimaiyyətə təqdim edəndən sonra Amillə əlaxə saxladıq.

O, Sportinfo.az-a açıqlamasında “oxu atıb, yayı gizlətməyi” özünə borc bildi:

“Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Həm də başqa klubdan daha yaxşı təklif almışam.

“Şəfa”dan ayrılmağın uzun söhbətdir. Haradan başlayıb haradan qurtaracağımı bilmirəm.

Tək məndən asılı olmayan bəzi problemlər ortaya çıxdı. İllərdir Premyer Liqada oynamış biri kimi cari mövsümdə I Liqada yetərincə şans qazanmadım.

Üst-üstə 4-5 oyun və 20-25 dəqiqə. İndiyə qədər karyeramda ilk 6 ay ərzində 20-25 dəqiqə futbol oynadığım yadıma gəlmir. Demək ki, burada başqa məsələlər var.

Bu gün geniş danışmaq istəmirəm. Zamanı gələndə geniş müsahibə verəcəyəm. Bəzi hörmətsizliklər var ki, qəbul olunmur”.

Amil Yunanov 2012-2024-cü illər aralığında Premyer Liqada “Qəbələ”, “Şamaxı”, “Sumqayıt”, “Səbail”, “Kəpəz”in heyətində şans qazandığı 200 oyunda 52 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Seçilən
19
sportinfo.az

1Mənbələr