Bir çox mənzildə balkon sahəsinin icazəsiz şəkildə genişləndirilməsi halları mövcuddur. İlk baxışda bu dəyişiklik problem yaratmasa da, mənzilin satışı zamanı hüquqi və texniki çətinliklər ortaya çıxa bilər. Xüsusilə sənədləşmə və alqı-satqı prosesində bu cür qanunsuz dəyişikliklər əlavə maneələr yaradır. Bəs qanunsuz artırılmış balkonlar mənzilin satışı zamanı hansı problemlərə yol aça bilər? Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, köhnə çoxmənzilli yaşayış binalarına nəzər saldıqda, bu tip binalardakı mənzillərin böyük bir hissəsində əlavə artırmaların olduğu görünür: “Vətəndaşlar əsasən yaşayış sahəsini genişləndirmək məqsədilə bir otaqlı mənzili iki otağa, iki otaqlını isə üç otağa çevirmək üçün müxtəlif artırmalar ediblər. Xüsusilə istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalarda aparılan bu artırmalar vəziyyəti daha da ağırlaşdırır, nəticədə bina konstruksiyası zəifləyir və deformasiyaya uğrayır. Belə mənzillərin satış qiymətləri isə standart layihəli mənzillərlə müqayisədə daha yüksək olur. Məsələn, xruşşovka layihəli, ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı mənzilə 5–10 kvadratmetr artırma edilərək iki otağa çevrilirsə, bu cür mənzillərin qiyməti adi variantlardan təxminən 20–25 faiz baha təklif olunur. Bu səbəbdən də ev alıcıları daha geniş sahəyə malik olduqları üçün artırması olan mənzillərə üstünlük verirlər”. E.Fərzəliyev bu cür artırmaların yaratdığı əsas problemin təhlükəsizliklə bağlı olduğunu qeyd edib: “Artırmalar binanın ümumi dayanıqlığını zəiflədir və xüsusən də zəlzələ zamanı artırılmış hissələrin uçub-dağılma ehtimalı standart konstruksiyaya malik mənzillərlə müqayisədə daha yüksək olur. Bu isə həm bina sakinləri, həm də ətraf üçün ciddi risk yaradır”. Sevinc İbrahimzadə / Metbuat.az