Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçatryanın qaytarılması müzakirələrə səbəb oldu. Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır. Xaçatryanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski… 70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu/lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd, Xaçatryanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq “məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin “rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçatryanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsi ikitərəfli əlaqələrin inkişafı və sülh istiqamətində etimadın möhkəmləndirilməsidir:

“Həmçinin Ermənistanda seçkilər yaxınlaşır. Məhz Nikol Paşinyanın qalib gəlməsi “Yekun sülh” müqaviləsinin bağlanması deməkdir. Dörd məhbusun təhvil verilməsi ilə Paşinyan seçkilərdə mövqeyinin gücləndirilməsi istiqamətində istifadə edəcək. Azərbaycan həbs etdiyi bütün erməniler cinayətkarlardı. Onları məhz öz ərazilərimizdə həbs etmişik və cinayətləri də sübut olunub. Qeyd edim ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı praktiki addımlar atdıqdan sonra, Azərbaycan dörd ermənini təhvil verdi. Qarabağda separatçı rejimə və onun qanunsuz silahlı dəstələrinə rəhbərlik etmiş şəxslərin təhvil verilməsi mümkün deyil. Ümumiyyətlə, onları Ermənistan da qəbul etmək istəmir. Onlar, Ermənistana verilərsə, potensial şəkildə Nikol Paşinyana qarşı müxalifətdə çıxış edəcəklər. Bu, Ermənistanda revanşizmin inkişafına səbəb ola bilər”, – deyə ekspert yekunlaşdırıb.