Niderlandın əfsanəvi futbolçularından olan Rud van Nistelroyun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis ölkəsinin milli komandasında məşqçilər korpusunda yer alacaq.
Məlumatı Niderland milli komandasının sosial şəbəkə hesabı yayıb. O, 1 fevraldan etibarən vəzifəsinin icrasına başlayacaq. Van Nistelroy həmin tarixdən etibarən Ronald Kumanın köməkçisi olacaq və DÇ-2026-nın hazırlığında iştirak edəcək.
Rud van Nistelroy keçən yaydan bəri işsizdir. O, son olaraq "Lester"in baş məşqçisi olub.
Dünya çempionatının qrup mərhələsində Niderland millisi Yaponiya və Tunislə qarşılaşacaq. "Narıncılar"ın üçüncü rəqibi mart ayının sonunda müəyyənləşəcək. Mundial ABŞ, Kanada və Meksikada keçiriləcək.