AZ

Uşaqlar cəmiyyətin sabahıdır

Uşaqların cəmiyyət həyatındakı rolu yalnız bu günlə məhdudlaşmır, onlar ölkənin sabahını formalaşdıran əsas qüvvədir. Gələcəyin elm adamları, mühəndisləri, müəllimləri, sahibkarları məhz bu gün məktəb partası arxasında əyləşən şagirdlər olacaqlar. Buna görə də uşaqların sağlam, bilikli, yaradıcı və məsuliyyətli vətəndaş kimi yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycanda uşaq və gənclərə göstərilən diqqət və qayğı, onların potensialının üzə çıxarılması üçün yaradılan imkanlar uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin "Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər" fikirləri dövlətin bu sahəyə yanaşmasını aydın şəkildə ifadə edir.

Ölkəmizdə uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi və mənəvi inkişafı ilə bağlı həyata keçirilən proqramlar onların təhlükəsiz və dayanıqlı gələcəyinə xidmət edir. Bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Uşaq hüquqlarının qorunması, keyfiyyətli təhsil və müasir dünyaya uyğun bacarıqların formalaşdırılması istiqamətində atılan addımlar ardıcıl şəkildə davam etdirilir. Müasir dövrdə uşaqların yalnız biliklərlə deyil, eyni zamanda praktik bacarıqlar, yaradıcı düşüncə və texnologiyaya adaptasiya qabiliyyəti ilə yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurətdən irəli gələrək Azərbaycanda innovativ təhsil modelləri tətbiq olunur və STEAM yanaşması bu sahədə aparıcı rol oynayır.

Azərbaycanda uşaqların bilikli, təşəbbüskar və texnoloji savadlı böyüməsi üçün yaradılan imkanlardan biri də 2019-cu ildən etibarən həyata keçirilən STEAM layihəsidir. Layihə təhsilalanlarda XXI əsrin əsas bacarıqlarını - tənqidi və yaradıcı düşünmə, problemin həlli, əməkdaşlıq, ünsiyyət və innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməyi hədəfləyir. STEAM tədrisi şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini inteqrativ şəkildə mənimsəməsinə şərait yaradır. Bu model ənənəvi tədrisdən fərqli olaraq, nəzəri biliklərin praktik tətbiqinə əsaslanır. Şagirdlər real həyat problemlərinə yönəlmiş layihələr üzərində işləyir, araşdırır, sınaqdan keçirir və nəticə əldə edirlər. Beləliklə, təhsilalanlar yalnız mövzunu öyrənmir, eyni zamanda düşünməyi, qərar verməyi və komanda şəklində işləməyi öyrənirlər. Layihə çərçivəsində şagirdlərin müasir texnologiyalara uyğunlaşması, İKT avadanlıqlarından, robototexnika və 3D modelləşdirmə imkanlarından istifadə bacarıqlarının artırılması əsas məqsədlərdən biridir. Bu yanaşma uşaqlarda erkən yaşlardan innovasiya mədəniyyətinin formalaşmasına, gələcək peşə seçimlərində daha hazırlıqlı olmalarına şərait yaradır.

Hazırda STEAM layihəsi ölkə üzrə 4-9-cu sinifləri əhatə etməklə 398 ümumtəhsil məktəbində tətbiq olunur və 252 min 711 şagirdi əhatə edir. Eyni zamanda respublika üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə şagirdlər müntəzəm olaraq müxtəlif modullar üzrə təlimlərə cəlb olunur, layihə əsaslı öyrənmə mühiti yaradılır və istedadlı uşaqların üzə çıxarılması üçün məqsədyönlü iş aparılır.

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə hər il keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) bu sahədə mühüm platforma rolunu oynayır. Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlərdə XXI əsr bacarıqlarının inkişafı, yaradıcı və innovativ gənclərin üzə çıxarılmasıdır.

Ötən ilin noyabrında keçirilən "SAF 2025" festivalına maraq xüsusilə böyük olub. Yarışmada iştirak üçün 5 mindən çox namizəd qeydiyyatdan keçib, seçim mərhələsindən keçən 1415 iştirakçı isə final mərhələsində öz layihələrini təqdim etmək hüququ qazanıb. Festivalın İnnovasiya və Sahibkarlıq kateqoriyası üzrə qalibləri "SpaarkUp" komandasının üzvləri Rəsmiyyə Aslanzadə və Rza Rəfiyev olublar.

Qaliblərin mentoru, 11 nömrəli Xırdalan STEAM mərkəzinin koordinatoru və təlimçisi Sevil Pənahova bildirir ki, gələcəyin ixtiraçıları məhz bu mərkəzlərdə keçirilən təlimlər zamanı üzə çıxır. Onun sözlərinə görə, layihə seçilərkən əsas diqqət innovativlik, səmərəlilik və real problemlərin həllinə yönəlmiş texnoloji yanaşmaya verilir. Rəsmiyyə və Rza tərəfindən təqdim edilən yağış suları ilə çalışan "ağıllı istixana" modeli də bu tələblərə tam cavab verib.

"Layihə çərçivəsində hazırlanmış sistem yalnız təqdimat üçün nəzərdə tutulmayıb, tam funksional və işlək model kimi qurulub. "Ağıllı istixana" su və enerji israfının qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı artırmaq və ekoloji davamlılığı təmin etmək məqsədi daşıyır. Yağış suyunun toplanaraq suvarmada istifadə edilməsi, günəş panelləri vasitəsilə enerji sərfiyyatının azaldılması layihənin əsas üstünlüklərindəndir", - deyə mentor qeyd edib.

13 yaşlı Rəsmiyyə Aslanzadə 11 nömrəli Xırdalan şəhər məktəbinin 8b sinfində oxuyur. STEAM-lə 6-cı sinifdən məşğul olduğunu və texnologiyaya xüsusi maraq göstərdiyini deyən Rəsmiyyənin sözlərinə görə, bu uğur gələcək fəaliyyətində böyük motivasiya rolunu oynayıb: "Qoşulduğum ilk müsabiqədə qalib olduğum üçün özümü çox şanslı hesab edirəm. Rza ilə birlikdə bir neçə həftə araşdırma apardıq. Seçdiyimiz layihənin kənd təsərrüfatının inkişafında faydalı olacağını düşündük. İdeyamız müəllimimizin də xoşuna gəldi. Şəkil çəkməyi xoşlamağımın bu sahədə faydasını gördüm. Bu uğur mənim üçün çox böyük motivasiya oldu. Amma uğursuzluqla qarşılaşsaydım belə, həvəsdən düşməyib öz üzərimdə çalışacaqdım".

Komandanın digər üzvü Rza Rəfiyev isə həmin məktəbin 10-cu sinif şagirdidir. İnnovativ və qlobal problemlərə texnologiya vasitəsilə həll yolları tapmağı sevdiyini bildirən Rza layihənin ən çətin mərhələsinin kodlaşdırma olduğunu vurğulayır və komanda işinin əhəmiyyətini xüsusi qeyd edir: "Məqsədimiz kənd təsərrüfatında "ağıllı idarəetmə" texnologiyalarını yerli bazara çatdırmaq, resurs qənaətli, ekoloji və funksional həllər təqdim etmək idi. Layihəni daha da genişləndirərək müxtəlif iqlim şəraitlərinə uyğun modellər yaratmaq gələcək planlarımız arasındadır. Yeni biliklər öyrənmək, səhvlərdən, uğursuzluqlardan nəticə çıxarıb onları düzəltmək mənimçün əsl motivasiyadır. Ən böyük xəyalım universitetə qəbul olub, maliyyə sahəsi üzrə ali təhsil almaq və gələcəkdə öz şirkətimi qurmaqdır".

Bu kimi layihə və festivallar bir daha sübut edir ki, düzgün istiqamətləndirilmiş təhsil siyasəti uşaqların potensialını üzə çıxarmağa qadirdir. Onlar şagirdlərə yalnız bilik deyil, həm də özünə inam, təşəbbüskarlıq və məsuliyyət hissi aşılayır. Dövlətimizin uşaqlara və təhsilə göstərdiyi diqqət isə bu uğurların davamlı olacağına əminlik yaradır.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr