AZ

“Bu cəmiyyət insanı səssizcə sındırır” – Psixoloqdan ŞOK AÇIQLAMALAR

Bəzən insanın həyatı yerində kimi görünür: işi var, ailəsi var, məsuliyyətlərini yerinə yetirir. Amma daxilində izah edə bilmədiyi bir boşluq böyüyür. Özünü yorğun hiss edir, amma nədən yorulduğunu bilmir. Razılaşır, susur, uyğunlaşır… və bir gün anlayır ki, uzun müddətdir öz fikrini, hissini, hətta istəyini də soruşan yoxdur.

İnsan özünü nə vaxt itirir? Bu, zəiflikdir, yoxsa illərlə yığılan səssiz dözümün nəticəsi?

Psixoloq Günay İbrahimli ilə müsahibədə cəmiyyətin normal saydığı, amma ruhu səssizcə tükədən bu proseslərdən danışdıq.

 

NOCOMMENT.az həmin müsahibəni təqdim edir:

– Günay xanım, insan özünü nə zaman itirir?

– Bu, birbaşa baş vermir, insan özünü bir anda yox, tədricən itirir. Ən çox da başqalarının gözləntilərinə uyğunlaşmağa çalışdığı yerlərdə – “belə olmalıyam”, “belə etsəm, hamı razı qalar” dediyi anlarda. Bundan başqa, insan özünü ailədə itirə bilər – daim “yaxşı övlad”, “səbirli həyat yoldaşı” rolunda qalanda.

İş həyatında isə insan özünü daha səssiz şəkildə itirir. Burada hisslər çox vaxt peşəkarlıq adı altında kənara qoyulur. Daim güclü görünmək, yorulmadığını göstərmək, razı olmadığı qərarlarla belə razılaşmaq məcburiyyəti yaranır. İnsan dəyərini yalnız performans, nəticə və rəhbərin məmnunluğu ilə ölçməyə başlayır. Psixoloji təhlükəsizliyin olmadığı iş mühitində susmaq uyğunlaşma mexanizminə çevrilir və insan tədricən öz daxili mövqeyindən uzaqlaşır. Əslində, özünü itirmək zəiflik deyil. Bu, çox vaxt uzun müddət uyğunlaşan, dözən və məsuliyyət daşıyan insanların yaşadığı bir prosesdir. Amma bu proses vaxtında fərq edilməzsə, insan öz həyatının mərkəzindən tədricən kənara çəkilir.

– Qeyd etdiyiniz məsələlərdə madiyyatın rolu nə dərəcədədir?

Bu prosesin kökü maddiyyatdan yox, təhlükəsiz bağlanma və qəbul olunma ehtiyacından qaynaqlanır. İnsan üçün ən əsas psixoloji ehtiyac “mən olduğum kimi qəbul olunurammı?” sualıdır. Bu sual cavabsız qaldıqda, insan özünü qorumaq üçün uyğunlaşma mexanizmini işə salır. Uşaqlıq dövründə sevgi və qəbul olunma şərtli olduqda – yəni uşaq “belə olsan, seviləcəksən”, “belə davranmasan qəbul olunmazsan” mesajlarını aldıqda – insan öz daxili səsini təhlükə kimi qəbul etməyi öyrənir. Maddiyyat bu prosesin səbəbi deyil. İnsan təhlükəsizlik və qəbul olunma ehtiyacı ilə özündən uzaqlaşır. Əgər maddiyyat əsas səbəb olsaydı, maddi cəhətdən təmin olunmuş insanlar özlərini itirməzdi. Halbuki praktikada bunun əksini görürük: maddi baxımdan stabil, amma emosional olaraq boşluq yaşayan çox insan var.

– Bu kimi insanların əsas qorxuları nələrdir?

-İnsanlar çox vaxt maddi itkidən deyil, təhlükəsizliyini, statusunu və dəyər hissini itirməkdən qorxurlar. Bu qorxu “işimi itirərəm”, “hörmətim azalacaq”, “qəbul olunmayacağam” kimi düşüncələrlə müşayiət olunur. Maddiyyat burada səbəb yox, qorxunun konkretləşmiş formasıdır.

Psixoloji baxımdan insan özünü pul üçün deyil, qorumaq üçün susur, uyğunlaşır və sərhədlərindən keçir.

– Bugünkü reallıqda valideynlərin uşaqlar üzərində tətbiq etdiyi ən səhv yöntəm hansıdır?

– Müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün valideynlərin uşaqlara qarşı etdiyi ən böyük və ən zərərli səhv sevgi və qəbul olunmanı şərtləndirməkdir. Yəni uşaq “belə olsan seviləcəksən”, “belə davransan dəyərli olacaqsan” mesajı ilə böyüyür. Bu açıq şəkildə deyilmir, amma davranışlarla ötürülür: “Utandırma məni, ağlama, böyümüsən”, “buna görə səni tərifləmərəm”, “bax filankəs necədir, sən niyə belə deyilsən?” kimi yanaşmalar… Uşaq burada bir şeyi çox tez öyrənir: öz hissləri təhlükəlidir. Sevilmək üçün uyğunlaşmaq, özünü gizlətmək lazımdır.Bu yanaşmanın kökü valideynin pis niyyətində yox, özünün uşaqlıqda aldığı mesajlardadır. Çox valideyn özü də şərti sevgi ilə böyüyüb və fərqində olmadan eyni modeli ötürür. Psixoloji baxımdan bu, Carl Rogersin təsvir etdiyi “şərti dəyər” mexanizmidir. Uşaq olduğu kimi qəbul olunmadıqda, daxili səsini susdurur və uyğunlaşan “saxta mən” formalaşdırır. Uşaqlıqda bu uyğunlaşma qoruyucudur, amma böyüyəndə insanın özündən uzaqlaşmasına səbəb olur. Nəticədə özünü ifadə etməkdə çətinlik çəkən, daim təsdiq axtaran, səhv etməkdən qorxan böyüklər formalaşır.

Ən təhlükəli tərəfi isə budur ki, bu, cəmiyyət tərəfindən tərbiyə kimi qəbul olunur, halbuki uzunmüddətli psixoloji yük yaradır.

– Bu gün ən çox psixoloqa müraciətlər nə üzrə olur?

– Bu gün psixoloqa müraciətlərin əsas hissəsi emosional tükənmə və daxili gərginliklə bağlıdır. İnsanlar artıq “pisəm” deməkdən çox, “dözə bilmirəm” nöqtəsində gəlirlər. Əsasən əvvəl görünməyən, amma bu gün davranışlara təsir edən yaralar, valideyn münasibətlərinin böyüklükdə təkrarı, səssiz incikliklər, anlaşılmamaq hissi, “hər kəs üçün varam, özüm üçün yoxam” vəziyyəti…

– Psixoloq kimi pasiyentlərlə söhbətinizdə üzləşdiyiniz çətinliklər hansılardır?

– Psixoloq–pasiyent söhbətlərində əsas çətinliklər problemlərin inkarı, sürətli nəticə gözləntisi və pasiyentin dəyişiklik üçün məsuliyyəti üzərinə götürməkdə çətinlik çəkməsidir. Psixoloji proses zaman və əməkdaşlıq tələb edir.

– Bu gün bir çox cəmiyyətlərdə yeniyetmələrin kriminallığa, loru dildə desək, avara həyat tərzinə meyl etməsinin səbəbini nədə görürsünüz? Bu problemi aradan qaldırmaq üçün psixoloqların nə kimi dəstəyi ola bilər?

– Bu meylin əsas səbəbi yeniyetmələrin emosional ehtiyaclarının qarşılanmaması və mənsubiyyət boşluğudur. Ailə nəzarətinin zəifləməsi, valideyn–uşaq ünsiyyətinin səthi olması, rol modellərinin çatışmazlığı və sosial şəbəkələrin təsiri yeniyetməni riskli davranışlara daha açıq edir. Yeniyetmə özünü dəyərli və görülən hiss etməyəndə bunu yanlış mühitlərdə axtarır. Psixoloqların dəstəyi isə əsasən üç istiqamətdə ola bilər: birincisi, yeniyetmənin emosiyalarını tanımasına və sağlam şəkildə ifadə etməsinə kömək etmək, ikincisi ailə ilə işi gücləndirərək valideyn–uşaq əlaqəsini bərpa etmək, üçüncüsü isə məktəb səviyyəsində profilaktik proqramlarla riskli davranışların qarşısını almaq. Yeniyetmə kriminallığının qarşısını yalnız cəza ilə yox, erkən psixoloji dəstək və sağlam münasibət mühiti yaratmaqla almaq mümkündür.

– Niyə bizim cəmiyyətdə psixoloqa müraciət edənlərə sanki “dəli” kimi baxılır düşüncəsi var?..

– Bu düşüncənin formalaşmasının əsas səbəbi psixoloji sağlamlıq anlayışının uzun illər yalnız ağır psixi pozuntularla eyniləşdirilməsidir. Cəmiyyətimizdə emosiyaları paylaşmaq zəiflik, psixoloqa müraciət etmək isə “dəli olmaq” kimi qavranılıb. Eyni zamanda, peşəkar psixoloji təhsili olmayan şəxslərin özünü psixoloq kimi təqdim etməsi insanlarda mənfi təcrübə və etimadsızlıq yaradıb. Psixoloq və psixiatr anlayışlarının qarışdırılması, elmi maarifləndirmənin azlığı və “özün döz, keçər” mədəniyyəti bu stiqmanı daha da gücləndirib. Problem psixoloqa müraciətdə yox, peşəkarlıq və düzgün məlumat çatışmazlığındadır. Peşəkar psixoloji dəstək dəlilik deyil, psixoloji sağlamlığın qorunmasıdır.

– Psixoloji sağlamlığı qorumaq üçün nə kimi məsləhətlər görərdiniz?

– Psixoloji sağlamlığı qorumaq üçün ilk növbədə öz emosiyalarını tanımaq və qəbul etmək vacibdir. Duyğuları sıxmaq yox, sağlam şəkildə ifadə etmək lazımdır. Şəxsi sərhədlər qoymaq, hər yükü üzərinə götürməmək və “yox” deməyi bacarmaq psixoloji tarazlığı qoruyur. Davamlı yuxu, fiziki aktivlik və gündəlik rejim emosional sabitliyin əsas dayaqlarıdır. Eyni zamanda, sosial əlaqələri qorumaq və ehtiyac olduqda peşəkar dəstək almağı gecikdirməmək psixoloji sağlamlığın qorunmasında əsas rol oynayır. Psixoloji sağlamlıq yalnız problem yarananda yox, həyat tərzi olaraq qorunmalıdır.

– Hansı halda dərhal psixoloqa müraciət etmək lazımdır?

– Deyə bilərəm ki, duyğusal vəziyyətin idarə olunmadığı hallarda, belə ki, davamlı kədər, qorxu, əsəb, panik hücumlar olarsa, gündəlik həyat fəaliyyətinə maneə olan vəziyyətlər yaranarsa, yəni iş, məktəb, münasibətlər pozulursa, özünə və ya başqasına zərər vermək fikirləri müşaiyət olunursa, yəni intihar və ya aqressiv davranış ehtimalları varsa, qəza, itki kimi travmatik hadisələrdən sonra yaşanan emosional çətinliklər zamanı psixoloqa dərhal müraciət etmək lazımdır. Əgər psixoloji vəziyyət gündəlik həyatı təhlükəyə atır və ya idarəolunmazdırsa, psixoloqa müraciət gecikdirilməməlidir.

Tunar

Seçilən
79
nocomment.az

1Mənbələr