“Vaxtı ilə Azərbaycanda çox adam rus dilində təhsil alıb. Amma hansı dildə təhsil alsalar belə, hər biri azərbaycanlıdır. Hamısı öz dilini, vətənini və millətini sevir. Onları bölməyə ehtiyac yoxdur”.
Bunu “Yeni Sabah”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev deyib.
Xalq yazıçısı həmkarı Elmira Axundovanın təklifinə rəy bildirib:
“Yaxşı olar ki, millətin hər bir nümayəndəsi ilkin olaraq öz dillərini öyrənsin. Bununla yanaşı, digər dilləri bilmək də vacib nüanslardan biridir. Bunda pis nə var ki?!
Hazırda Azərbaycanda 300-ə yaxın rusdilli məktəb var. Hər birində də ən azı 300-400 uşaq təhsil alır. Bu məktəblər bağlansa, nə qədər uşağın təhsili yarımçıq qalacaq. Düzgün deyil axı.
Kimsə əcnəbi dil öyrənirsə, bunu pis hal kimi qəbul etmirəm. Əksinə, sevindirici haldır ki, uşaqlarımız bir neçə dil bilir”.
Ç. Abdullayev qeyd edib ki, əcnəbi dil kimi Çin dilini öyrənmək məsləhətdir:
“Prezidentə baxıb hər birimiz nümunə götürməliyik. Azərbaycan dilində sərbəst danışır və çox gözəl ingilis, fransız və rus dillərini bilir.
Rusdilli məktəblərin pullu olması məsələsi isə mübahisəlidir. Çünki əhalinin hamısı yüksək qazanclı deyil. Hər kəsin gəlir mənbəyi fərqlidir. Ona görə də bu baxımdan hər şeyi nəzərə almaq lazımdır. Bütün məktəbləri bağlamaq, yaxud pullu etmək fikir düzgün deyil. Onların bağlanması 10 minlərlə uşağın bədbəxt olması deməkdir”.
Beynəlxalq adların yazılması məsələsinin də mübahisəli hal olduğunu bildirən yazıçı qanuna əsasən o adların öz dilimizdə yazılmasının tərəfdarı olduğunu deyib:
“Bəzi beynəlxalq markalar var ki, onların adının necə yazılması məsələsi mübahisəlidir. Lakin öz dilimizdə yazılması daha məqsədəuyğundur. Qanunun tələbi də budur”.
Xatırlatma: Azərbaycan Yazıçılar Birliyində keçirilən “Dilimiz-kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirədə Xalq yazıçısı Elmira Axundova bildirib ki, rus dilini bilməyən valideynlər övladlarının məhz rus bölməsində oxuması üçün dəridən-qabıqdan çıxırlar. "Sonra isə proqramı mənimsəmək çətin olduğu üçün birinci sinifdən həmin uşaqları repetitor yanına göndərməyə məcbur qalırlar, çünki özlərinin rus dilindən bilgiləri olmur". O, valideynlərin də rus dili bilgisini yoxlamaq lazım olduğunu və rusdilli məktəblərin pullu olmasını təklif edib.
Aydan Hacı
Telegram kanalımız