Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklər Azərbaycanda ailə və əmək münasibətləri baxımından mühüm yeniliklə yadda qaldı.
Yeni qanuna əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin verdiyi rəsmi arayış əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət hüququ tanınır. Bu dəyişiklik indiyədək daha çox anaların üzərində cəmlənmiş doğum və erkən valideynlik dövründə ataların da hüquqi və sosial rolunun tanınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Qanunvericilikdə edilən bu yenilik ailədaxili məsuliyyət bölgüsünün balanslaşdırılmasına, eyni zamanda uşağın doğulduğu ilk günlərdə ata iştirakının təşviqinə yönəlib və beynəlxalq əmək standartlarına uyğunlaşma kontekstində də diqqət çəkir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərovun sözlərinə görə, bu dəyişiklik təkcə sosial deyil, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır:
“Əmək Məcəlləsində indiyədək kişilər üçün uşağın doğulması ilə bağlı ayrıca ödənişli məzuniyyət institutu mövcud deyildi. Praktikada bəzi işəgötürənlər daxili qaydalar və ya kollektiv müqavilələr əsasında qısa müddətli məzuniyyət verirdilər, lakin bu, hüquqi öhdəlik deyildi. Yeni dəyişikliklə bu hüquq qanun səviyyəsində təsbit olunur və bütün işəgötürənlər üçün məcburi xarakter daşıyır. Məzuniyyətin ödənişli olması xüsusi önəm kəsb edir, çünki bu müddət ərzində işçinin əməkhaqqı saxlanılır və bu da ailənin maddi durumuna mənfi təsirin qarşısını alır”.
Hüquqşünasın fikrincə, məzuniyyətin doğuşdan əvvəl və sonra olan dövrü əhatə etməsi atalara daha çevik planlama imkanı yaradır:
“Qanunverici burada konkret gün bölgüsü müəyyən etmir, ümumi 14 təqvim günü çərçivəsində istifadəni nəzərdə tutur. Bu isə o deməkdir ki, ata doğuşdan bir neçə gün əvvəl həyat yoldaşına dəstək olmaq üçün, eləcə də doğuşdan sonra ana və körpənin yanında olmaq məqsədilə bu məzuniyyəti bölərək istifadə edə bilər. Əsas şərt tibb müəssisəsinin verdiyi arayışın təqdim olunmasıdır. Bu məzuniyyət illik əmək məzuniyyətindən və ya digər sosial məzuniyyətlərdən ayrıca hesab olunur və işçinin ümumi məzuniyyət balansına təsir etmir. Qanunda açıq şəkildə ödənişli məzuniyyət kimi təsbit edildiyinə görə, işəgötürənin bu hüququ tanımaması və ya əməkhaqqını ödəməməsi əmək qanunvericiliyinin pozulması sayılacaq və müvafiq məsuliyyət yarada bilər. Bu da işçilərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir”.
Hüquqşünasın sözlərinə görə, bu addım gələcəkdə valideynlik məzuniyyətlərinin daha geniş çərçivədə tənzimlənməsi üçün hüquqi baza rolunu da oynaya bilər.