AZ

Şaraadan İNQİLABİ fərman – Kürdlərə bundan sonra…

Suriya Prezidenti Əhməd əl-Şaraanın kürdlərin hüquqlarını tanıyan fərman imzalaması ölkənin siyasi gələcəyi və post-münaqişə dövrü üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Sənədə əsasən kürd dili rəsmi status alır və kürdlərin əhalinin əhəmiyyətli hissəsini təşkil etdiyi bölgələrdə məktəblərdə tədris oluna biləcək. Bununla yanaşı, uzun illər vətəndaşlıq problemi ilə üzləşmiş minlərlə kürdəsilli sakinə Suriya vətəndaşlığının verilməsi keçid hökumətinin öhdəliyi kimi təsbit edilir. Novruz bayramının bütün ölkə üzrə dövlət bayramı elan olunması isə təkcə etnik deyil, simvolik baxımdan da əhəmiyyətli addım sayılır. Fərmanda etnik mənsubiyyətə və dilə görə ayrı-seçkiliyin qanunla qadağan edildiyi xüsusi vurğulanır ki, bu da əvvəlki siyasi yanaşmalardan ciddi şəkildə fərqlənir.

Məlum olduğu kimi, kürdlər Suriyada əhalinin təxminən 10–15 faizini təşkil edir və uzun illər ərzində mədəni, dil və hüquqi məhdudiyyətlərlə üzləşiblər. Xüsusilə Bəşər Əsəd dövründə on minlərlə kürd rəsmi vətəndaşlıqdan məhrum edilmiş, kürd dili ictimai sahədən sıxışdırılmış, milli bayram və simvollara qadağalar tətbiq olunmuşdu. Yeni fərman bu baxımdan təkcə hüquqi sənəd deyil, həm də dövlətin kürdlərlə münasibətlərdə konseptual dəyişiklik etdiyini göstərən siyasi mesaj kimi oxunur.

Heydər Oğuz

Siyasi ekspert Heydər Oğuz NOCOMMENT.az -a açıqlamasında bildirib ki, bu qərar keçid hökumətinin legitimlik qazanmaq və ölkə daxilində parçalanmanı azaltmaq cəhdinin tərkib hissəsidir.

Onun sözlərinə görə, Suriya uzun illər davam edən müharibədən sonra yalnız hərbi yox, sosial və etnik yaralarla da üz-üzə qalıb:

“Kürdlər Suriyanın ikinci ən böyük etnik qrupudur və onları siyasi prosesdən kənarda saxlamaq mümkün deyil. Kürd dilinin rəsmi tanınması və vətəndaşlıq məsələsinin həlli dövlətin yenidən qurulması baxımından mühüm addımdır. Bu, həm daxili sabitliyə, həm də beynəlxalq aləmdə yeni hakimiyyətin daha mülayim və inklüziv obrazının formalaşmasına xidmət edir”.

Ekspert hesab edir ki, Novruzun dövlət bayramı kimi tanınması xüsusi simvolik məna daşıyır:

“Novruz təkcə kürdlərin deyil, regionun bir çox xalqlarının ortaq mədəni dəyəridir. Bu qərar hakimiyyətin etnik müxtəlifliyi təhlükə yox, resurs kimi görmək istədiyini göstərir. Bu, xüsusilə Türkiyə, İran və İraq kimi kürd məsələsinə həssas yanaşan qonşu ölkələr üçün də diqqətlə izlənilən addımdır”.

Ekspertin fikrincə, sənədin kağız üzərində qalması kürdlər arasında yeni məyusluq dalğası yarada bilər:

“Əsas sual budur: bu hüquqlar real həyatda necə tətbiq olunacaq? Məktəblərdə kürd dilində tədris üçün kadrlar, dərsliklər, hüquqi baza lazımdır. Vətəndaşlıq məsələsinin həlli isə geniş və şəffaf inzibati proses tələb edir. Əgər bunlar ardıcıl şəkildə icra olunarsa, Suriya tarixində ilk dəfə olaraq kürdlərlə dövlət arasında etimad körpüsü qurula bilər”.

Seçilən
181
nocomment.az

1Mənbələr