AZ

20 Yanvar – İnsanı göylərə ucaldan vətənpərvərlik

Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı əbədidir. 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirildi, 744-dən artıq vətəndaş yaralandı və xəsarət aldı.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev bildirib ki, 20 Yanvar hadisələri bir daha sübut etdi ki, ən güclü imperiyaya qarşı da mübarizə aparmaq olar:

“1990-cı ilin yanvar hadisələri bizim xatirəmizdə qalıb. Biz o hadisələrin şahidi olmuşuq, eyni zamanda bu barədə yazmışıq. Həqiqətən, Azərbaycan xalqının tarixi taleyində 20 Yanvar hadisələri çox ciddi bir hadisə kimi tarixə düşüb. 1990-cı ilə qədər olan stereotiplərin qırılması, mərkəzdən qorxu, Rusiyanın işğalçılıq siyasəti qarşısında əzilərək yaranmış dözüm artıq həmin ildən sonra öz əhəmiyyətini itirdi.

Xalq başa düşdü ki, ən güclü imperiyaya qarşı da mübarizə aparmaq olar. Hətta onun çöküşünün, dağılmasının da şahidi ola bilər. Azərbaycan xalqının bu məsələdə nə dərəcədə əhəmiyyətli rol oynadığını həmin tarixi hadisələr birbaşa göstərir. 20 Yanvar hadisələrinin baş verdiyi dövr, milli oyanış, milli dirçəliş dövrü idi.

Həmin vaxta qədər Bakı şəhərinin özündə hər hansı səbəblərdən rus dilində danışmağa məcbur edilən xalq həmin hadisələrdən sonra söyləyə bildirdi ki, Azərbaycan xalqının öz tarixi ənənələri, zəngin mədəniyyəti var. Bu xalqın dilinə hörmət qoyulmalı, öz ana dilində danışmalıdır. Gənclər gördü ki, milli azadlıq mübarizəsi qanla başa gəlsə belə, ondan çəkinmədən ona doğru getmək və mübarizədə irəlidə olmaq lazımdır”.

Professor qeyd edib ki, həmin dövrdə yaşından, cinsindən və statusundan asılı olmayaraq, hər kəs mübarizəyə qoşulmuşdu:

“Mən yaxşı xatırlayıram ki, həmin hadisələr zamanı gənclər, yaşlılar, ayağı yer tutan hər bir şəxs Azadlıq meydanında mübarizəyə qoşulurdu. Amma təəssüflər olsun ki, bu mübarizəyə, haqlı tələbə Moskva obyektiv düzgün, obyektiv cavab vermədi.

Azərbaycan xalqını yenidən itaətə məcbur etmək üçün, ağır zərbə vurdu. Bundan çıxarılan nəticə isə, xalqın azadlıq hərəkatının əsasının qoyulması oldu. Tarixdən bizə ənənə qalmış mübarizə ruhunu yenidən qaytardı. Gənclərin də iştirakı ilə bu mübarizədə Azərbaycan xalqı qalib çıxdı. Ona görə də 20 Yanvar hadisələri bizim tariximizdə həm də qəhrəmanlıq səhifəsidir. Bunları gənclər arasında yaymaq, təbliğ etmək və bu azadlığın, dövlətin hansı çətinliklərlə əldə edildiyini dərk etdirərək, onları Azərbaycanın bütövlüyü, gələcəyi uğrunda səfərbər etmək lazımdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
70
yenisabah.az

1Mənbələr