Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, bina 5-də yaşayan 55 ailə qışın soyuğunda istiliksiz qalıb
Şirvan şəhərində çoxmənzilli yaşayış binasında mərkəzləşdirilmiş istilik sistemi dayandırılıb. Binada yaşayan 55 ailə qış mövsümünün ən soyuq günlərində istiliksiz qalmaq məcburiyyətindədir.
Məlumata görə, istilik təminatının dayandırılmasına səbəb bəzi mənzil sahiblərinin uzun müddətdir istilik haqqını ödəməməsidir. Nəticədə borcunu vaxtında ödəyən sakinlər də məsuliyyətsiz qonşuların ucbatından çətin vəziyyətə düşüb.
2006-cı ildə istifadəyə verilən və 55 ailənin yaşadığı binada istilik sistemi bu qış mövsümündə fəaliyyətini dayandırıb. Sakinlərin bildirdiyinə görə, noyabrın 15-dən bu günədək binaya istilik verilməyib.
İstiliyin olmaması mənzillərdə ciddi problemlərə səbəb olub. Rütubət nəticəsində divarlar qaralıb, divar kağızları qopub, bəzi mənzillərdə kif əmələ gəlib. Sakinlər bildirirlər ki, mövcud şəraitdə qış aylarını bu cür keçirmək mümkün deyil.Onlar hesab edirlər ki, bir neçə mənzil sahibinin borcuna görə bütün binanın istiliksiz saxlanılması düzgün yanaşma deyil və problemin qanunvericiliyə uyğun həllini tələb edirlər. Onların sözlərinə görə, borcunu ödəyən ailələrin istiliklə təmin olunması üçün alternativ tədbirlər görülməlidir.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, Sahib Zeynalov küçəsi, bina 5-də 55 mənzil mövcuddur. Onlardan 35-i istilik ödənişlərini edib, 20 mənzilin isə borcu var. Qeyd olunub ki, bəzi mənzillər ümumiyyətlə indiyədək istilik haqqını ödəməyib. Binanın ümumi borcu 3 min manat təşkil edir. Borc tam ödənildikdən sonra binanın istilik təminatı bərpa ediləcək.