AZ

Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırıb

Çin 2026-cı ilin əvvəlindən etibarən Rusiyadan elektrik enerjisi idxalını tamamilə dayandırıb.

Rusiyadan Çinə elektrik ixracını Uzaq Şərqdəki istehsal artıqlığından yararlanan "Inter RAO" şirkəti həyata keçirirdi. Şirkət ilə Çin Dövlət Elektrik Şəbəkəsi arasında 2012-ci ildə imzalanan müqavilə 2037-ci ilə qədər qüvvədədir.

Razılaşmaya əsasən, ümumilikdə təxminən 100 milyard kilovat-saat, yəni ildə orta hesabla 4 milyard kilovat-saat elektrik ixracı nəzərdə tutulurdu. Qiymət formulu ictimaiyyətə açıqlanmasa da, bura Uzaq Şərqdəki vahid tarifli elektrik qiyməti, ötürücü şəbəkə xərcləri və "Inter RAO"nun marjasının daxil olduğu bildirilir.

Çində elektrik qiymətləri uzun müddətdir ki, demək olar ki, sabit qalır və hazırda 1 MVt-saat üçün təxminən 350 yuan səviyyəsindədir. Bu məbləğ təxminən 49 dollar və ya 3 min 900 rubla bərabərdir.

Bunun əksinə olaraq, Uzaq Şərqdə yanvar ayı etibarilə vahid tarifli elektrik qiymətinin 1 MVt-saat üçün təxminən 4 min 300 rubla, yəni 54 dollara yüksəldiyi qeyd edilir. Bu rəqəm ötən ilin əvvəli ilə müqayisədə təxminən 42 faizlik artım deməkdir.

"Inter RAO" Çinlə bağlanmış ixrac müqaviləsinin qüvvədə olduğunu və Moskvanın razılaşmanı ləğv etməyi planlaşdırmadığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, Çin tərəfi də müqavilədən çıxmaqla bağlı hər hansı tələb irəli sürməyib.

Lakin Uzaq Şərq enerji sistemində elektrik istehlakının sürətlə artdığı, istehsal kəsirinin yarandığı və bunun ixrac imkanlarını məhdudlaşdırdığı vurğulanıb.

Rusiya Enerji Nazirliyi isə Çindən tələb gələcəyi və qarşılıqlı faydalı şərtlər yaranacağı təqdirdə elektrik ixracının yenidən bərpa oluna biləcəyini qeyd edib.

Analitiklər Çinin quraşdırılmış elektrik gücünün Rusiya Uzaq Şərqi ilə müqayisədə təxminən 100 dəfə böyük olduğunu və bu səbəbdən sözügedən həcmlərin Çin enerji balansı baxımından asanlıqla əvəzlənə bildiyini ifadə edirlər.

Seçilən
39
cebheinfo.az

1Mənbələr