AZ

İranda etirazlar nə vaxta qədər davam edəcək? – Altı aydan sonra…

İranda son vaxtlar baş verən kütləvi etirazlar və qarşıdurmalar regionda və beynəlxalq müstəvidə diqqət mərkəzinə çevrilib. Küçələrdə artan gərginlik, insan tələfatı və iqtisadi itkilər fonunda əsas sual açıq qalır: bu proseslər nə vaxta qədər davam edəcək və vəziyyətin sabitləşməsi üçün İran iqtidarı hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, hazırkı proseslər İran iqtidarının xalqa münasibətinin nəticəsidir:
Tural Abbaslı

“Xalq etirazını artıq daha aqressiv formada ifadə edir. Küçələrə çıxır, qarşıdurmalar baş verir, yüzlərlə insan həlak olub, dükanlar və infrastrukturlar dağıdılıb. Bu hadisələrin nəticəsindən asılı olmayaraq, İran iqtisadiyyatına və ölkənin özünə ciddi ziyan dəyib. İğtişaşlar nə qədər tez dayansa, bir o qədər yaxşıdır. Əgər iqtidar bu etirazları güc və silah yolu ilə yatırsa, 2–6 ay sonra daha radikal formada yenidən etirazlar, iğtişaşlar və mitinqlər baş verə bilər”.

Partiya sədrinin fikrincə, çıxış yolu iqtidarın xalqla dialoqa girməsidir:

“İqtidar nə qədər tez xalqın səsini eşitsə, problemlərin həlli istiqamətində addımlar atsa, güzəştlər etsə, bir o qədər yaxşı olar. Hakimiyyət xalqla eyni masaya oturub səmimi dialoqa başlasa və bunu cəmiyyətə inandıra bilsə, etirazlar dayanacaq”.

Tural Abbaslı vurğulayıb ki, etirazların dayanmasını istəməyən xarici qüvvələr də mövcuddur:

“ABŞ, İsrail və bəzi Avropa ölkələri İranda bu prosesin davam etməsində və rejimin devrilməsində maraqlıdır. Biz bunu Suriyada, İraqda və Liviyada gördük. Daxili iğtişaşlar illərlə davam etdi, minlərlə insan həlak oldu, şəhərlər dağıldı”.

O, həmçinin İran daxilində “Pezeşkian faktoru”nun da mövcud olduğunu bildirib:

“Pezeşkian xalqla daha rahat dil tapa bilən fiqurdur. Əgər rejim ona imkan versə, xalqla dialoq quraraq prosesləri dayandırmaq mümkündür. Amma molla rejimi yenə sərt mövqe tutsa, etirazçıları ABŞ və İsrailin agenti adlandırsa, gəncləri küçələrdə qətlə yetirsə, proseslərin uzanması qaçılmaz olacaq”.

Tural Abbaslının sözlərinə görə, ümumilikdə İranda baş verən hadisələrin taleyi birbaşa iqtidarın davranışından asılıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr