Bu günlərdə TƏBİB-in yaydığı məlumatda qeyd olunurdu ki, Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb...
Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi və 7 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə yeni aptek yaradılıb.
Bizimesr.az bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində açılan aptek Xətai rayonu üzrə 38 nömrəli Şəhər Poliklinikasında və Zığ Sağlamlıq Mərkəzində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatını həyata keçirməli idi.
Ümumilikdə aptekin 3142 nəfərə tibbi xidmət göstərməsi nəzərdə tutulub. Onlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələridir.
Lakin Bizimesr.az-a daxil olan məlumata görə, aptekin real fəaliyyəti ilə bağlı ciddi suallar var. Belə ki, aptekdən dərman almaq üçün müraciət edən imtiyazlı şəxslər əksər hallarda dərman ala bilmədən geri qayıdırlar. Vətəndaşların bildirdiyinə görə, aptekdə ya dərmanların bitdiyi, ya da dərmanların növbəli şəkildə verildiyi deyilir.
Yaşlı insanlar xüsusilə qış aylarında, soyuq havada yaşlı və xəstə insanların boş yerə yol getməyə məcbur qalmasından narazıdırlar. Onların sözlərinə görə, aptekin rəfləri adətən boş olur və bu səbəbdən də “aptekin hansı məqsədlə açıldığı” sualı yaranır.
Bizimesr.az bu faktı araşdırmağa davam edəcək.
Poliqon.info