AZ

Yoveri Museveni yeddinci dəfə Uqanda prezidenti seçildi

BAKI, 17 yanvar. TELEQRAF

Uqandanın hazırkı Prezidenti Yoveri Museveni yeddinci müddətə yenidən seçilib.

Teleqraf xəbər verir ki, bu barədə "UBC" kanalı ilə canlı yayımda çıxış edən ölkənin seçki komissiyasının sədri Saymon Byabakama məlumat verib.

Byabakama yanvarın 15-də keçirilən səsvermənin nəticələrini açıqlayarkən Museveni 71,65%, onun əsas rəqibi Bobi Wine (əsl adı Robert Kyagulanyi Ssentamu) isə 24,72% səs topladığını deyıb.

Ümumilikdə, səsvermə sakit keçib. Lakin "Daily Nation" qəzeti ölkənin mərkəzi bölgələrində keçirilən etiraz aksiyaları zamanı ən azı 12 nəfərin öldüyünü və onlarla insanın yaralandığını iddia edir. "New Vision" öz növbəsində seçkilər zamanı seçicilərə rüşvət vermək, bülletenlərin doldurulması və polis bölmələrinə və təhlükəsizlik işçilərinə hücumlar kimi qanun pozuntularına görə 505 nəfərin həbs olunduğunu qeyd edib.

Qeyd edək ki, 1986-cı ildən bəri hakimiyyətdə olan 81 yaşlı Museveni, hakim Milli Müqavimət Hərəkatı partiyasının prezidenti vəzifəsinə yeni beş illik müddətə namizədliyini irəli sürüb. O, iqtisadi artımı, yeni infrastrukturun yaradılmasını və sabitliyi nailiyyətləri kimi qeyd edərək, rifahın, təhsilin, səhiyyənin və korrupsiyaya qarşı mübarizənin yaxşılaşdırılmasına diqqət yetirəcəyinə söz verib.

Seçilən
34
teleqraf.com

1Mənbələr