Pallone Dövlət Departamentini “daha fəal işləməyə” səsləməklə Azərbaycanla münasibətdə insan haqları mövzusunu yenidən gündəmə gətirməyə cəhd edib
Amerikalı konqresmen, anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone X sosial şəbəkəsində Azərbaycanın dörd erməni məhkumu Ermənistana təhvil verməsinə yenə qərəzli münasibət bildirib.
Pallone Azərbaycana qarşı dövləti cinayətləri məhkəmə vasitəsilə sübut edilən məhkumların “əsirlikdə saxlanıldığını”, onların vətənə qayıtmasından guya məmnunluğunu ifadə edib.
Pallone guya hələ də “əsirlikdə saxlanılan” şəxslərin olduğunu deyib, Dövlət Departamentini onların azad edilməsi üçün səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Musavat.com xatırladır ki, Pallone ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür və Demokratlar Partiyasını təmsil edir. O, uzun illərdir Nyu-Cersi ştatından konqresmen kimi fəaliyyət göstərir.
Pallone ABŞ Konqresində ermənipərəst mövqeyi ilə tanınır. O, Ermənistan və erməni lobbisi ilə sıx əlaqələri olan siyasətçilərdən biridir, mütəmadi olaraq Qarabağ mövzusunda anti-Azərbaycan bəyanatlarla çıxış edir və ABŞ hökumətini bu istiqamətdə daha sərt addımlar atmağa çağırır.
Konqresmen uzun illərdir Armenian National Committee of America (ANCA) və digər erməni lobbisi strukturları ilə koordinasiyalı fəaliyyət göstərir. Məhz bu dairələrin dəstəyi ilə Pallone Azərbaycana qarşı sanksiya çağırışları, hərbi yardımın məhdudlaşdırılması və insan haqları adı altında siyasi təzyiq mexanizmlərinin işə salınmasını təşviq edib.
Aydın görünür ki, Frank Pallonenin “erməni məhbusların azad edilməsi” ilə bağlı son açıqlaması humanitar çağırışdan daha çox siyasi və geosiyasi hədəflər daşıyır. Pallone Dövlət Departamentini “daha fəal işləməyə” səsləməklə Azərbaycanla münasibətdə insan haqları mövzusunu yenidən gündəmə gətirməyə cəhd edib. Bu da Bakı üzərində diplomatik təzyiq mexanizmlərini gücləndirmək kimi qiymətləndirilir.
Müşahidəçilərin fikrincə, Pallonenin açıqlamaları postmünaqişə dövründə formalaşmış reallıqları şübhə altına almağa yönəlib. Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra erməni lobbiləri üçün əsas çətinlik yeni status-kvonun beynəlxalq səviyyədə qəbul olunmasıdır. Bu kontekstdə Pallonenin mövqeyi Qarabağ məsələsini “bitmiş proses” deyil, davam edən “humanitar problem” kimi təqdim etmək cəhdi kimi dəyərləndirilir.
Eyni zamanda, bu açıqlamalar ABŞ daxilindəki erməni diasporuna ünvanlanmış siyasi mesaj xarakteri daşıyır. Seçki dövrlərində erməni icmasının dəstəyi Demokrat Partiyası üçün mühüm hesab olunur. Pallone bu cür çıxışlarla öz elektoratına sədaqət nümayiş etdirməyə və erməni lobbisinin maraqlarını Konqresin gündəmində saxlamağa çalışır.

Ekspertlərin qənaətinə görə, Pallonenin ritorikası daha çox daxili siyasi auditoriyaya hesablanıb və real beynəlxalq proseslərin gedişinə ciddi təsir göstərmək gücü yoxdur. Mövcud beynəlxalq reallıqlar Qarabağ məsələsinin hüquqi və siyasi baxımdan bağlandığını göstərir və bölgədə davamlı sülhün təmin olunması məhz bu reallıqların qəbulundan asılıdır.
Musavat.com