Qanlı Yanvarın 36-cı ildönümü: Azərbaycanın azadlıq mübarizəsinin dönüş nöqtəsi
1990-cı il Yanvar faciəsinə aparan proseslər 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından növbəti dəfə kütləvi şəkildə deportasiya olunması, həmçinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində aparılan məqsədli cəhdlərin genişlənməsi ilə xarakterizə olunmuşdur. Mövcud gərginliyin artdığı bir vaxtda Sovet rəhbərliyi vəziyyəti sabitləşdirmək yerinə Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədərək ağır cinayətlərə yol vermişdir. Azərbaycana yeridilən hərbi birləşmələrə Stavropol, Rostov və Krasnodar vilayətlərindən səfərbər olunmuş erməni zabit və əsgərlər, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantlar daxil edilmişdir. 1990-cı ilin yanvar ayının ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan qoşunlar, o cümlədən xüsusi təyinatlı hərbi hissələrdən ibarət 66 mindən çox əsgər və zabit Bakı şəhərinə cəlb olunaraq Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında yerləşdirilmişdir. Qadın, qoca və uşaqlara fərq qoyulmadan dinc əhali ağır hərbi texnika və müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə kütləvi qətllər törədilmişdir. 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun birbaşa göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakı və Azərbaycanın bir sıra rayonlarına yeridilmiş, dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq aktları həyata keçirilmişdir.
Yanvarın 20-də səhər saat 05:30-da Bakı şəhərinin komendantı V. Dubinyak radio vasitəsilə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə rəsmi məlumat vermişdir. Halbuki, saat 00:00-dan etibarən tanklar və müxtəlif təyinatlı zirehli döyüş texnikalarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilər vasitəsilə şəhərə desant çıxarılmışdır.Fövqəladə vəziyyət elan olunandan sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər daha qətlə yetirilmişdir. Hadisələrdən sonra fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da zorakılıq halları davam etmiş, yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda ümumilikdə 8 nəfər öldürülmüşdür. Respublika üzrə ümumilikdə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Eyni zamanda, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları, dövlət, ictimai və şəxsi əmlak məhv edilmişdir. Dövlətə, ictimai və şəxsi mülkiyyətə həmin dövrün qiymətləri ilə 5.637.286 rubl məbləğində maddi ziyan vurulmuşdur.
20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəyliyini nümayiş etdirmiş, hadisələrə prinsipial siyasi mövqe bildirmişdir. Heydər Əliyev bu faciəni hüquq, demokratiya və humanizm prinsiplərinə tamamilə zidd olan, mərkəzi hakimiyyətin və dövrün respublika rəhbərliyinin xəyanəti nəticəsində baş vermiş ağır siyasi səhv kimi qiymətləndirmişdir. Ümummilli Lider Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermiş, Bakıda törədilən terror aktına şərait yaradan hakimiyyət nümayəndələrini və hərbi qüvvələri cinayətkar adlandırmış, dinc əhaliyə qarşı törədilən vəhşilikləri isə bütöv bir xalqa qarşı edilmiş tarixi cinayət kimi səciyyələndirmişdir.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dövlət səviyyəsində əbədiləşdirilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 5 avqust tarixli Sərəncamı ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmış və 1998-ci il 10 oktyabrda rəsmi açılışı keçirilmişdir.2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanında aparılan rekonstruksiya işləri zamanı “Əbədi məşəl” abidəsi yenidən qurulmuş, abidənin sütunları hündürləşdirilmiş, səkkizguşəli ulduz və səkkizguşəli güzgünün məsamələri qızıl işləmə ilə bəzədilmişdir. Bu dəyişikliklər memorialın ideya-bədii dəyərini artırmaqla yanaşı, şəhidlərin xatirəsinə olan yüksək ehtiramı ifadə etmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günü kimi qeyd olunur və bu gün rəsmi olaraq qeyri-iş günü hesab edilir.
Prezident İlham Əliyev şəhidlərin xatirəsinin daim uca tutulmasına, həmçinin şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Şəhidlərin uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri davam etdirilir, Bakı şəhərinin Yasamal rayonunda — “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.Prezidentin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün güclü və sistemli sosial müdafiə mexanizmi yaradılmışdır. 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmana əsasən, şəhid ailələrinə aylıq təqaüd verilir. Əlilliyi olan şəxslərə əlillik dərəcəsinə uyğun pensiya və müavinətlər, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə isə qulluğa görə Prezidentin aylıq təqaüdü təmin edilir.
2018-ci ildən başlayaraq və 2025-ci ildə də icra edilən sosial islahat paketi çərçivəsində 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün Prezidentin aylıq təqaüdü 700 manata, əlilliyi olan şəxslər üçün isə funksiyanın pozulma dərəcəsinə uyğun olaraq 400–600 manat arasında müəyyən edilmişdir. Müavinətlər də artırılmış, qulluğa görə Prezidentin aylıq təqaüdü 120 manat təşkil etmişdir. Son yeddi ildə beş sosial islahat paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailələri üçün 2,3 dəfə, əlilliyi olanlar üçün 3,5 dəfə, qulluğa görə təqaüd isə 2,4 dəfə artmış, müavinətlər isə 4,6 dəfə yüksəlmişdir.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynamışdır. Bu faciədən sonra milli azadlıq hərəkatı ideyadan real siyasi prosesə çevrilmiş, xalq gələcəyini yalnız müstəqil və suveren Azərbaycan dövlətində görmüşdür.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusu 30 illik işğalın sonuna qoymuş, torpaqlarımızı erməni işğalından azad etmişdir. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi tam bərpa olunmuşdur.
Hazırda Azərbaycanın üçrəngli Dövlət Bayrağı bütün ərazilərdə qürurla dalğalanır. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış Proqramı uğurla davam edir. Bu tarixi qələbələr, şəhidlərin qanı bahasına əldə edilmiş azadlıq və müstəqillik idealları milli yaddaşımızda əbədi yaşayır.
İsa Səttarov – Nəsimi rayon gənci,Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi,Yeni Azərbaycan Partiyasının üzvü.