Sumqayıtda uzun illər istismar edilən və artıq qəzalı vəziyyətə düşmüş yataqxanalarla bağlı mühüm mərhələyə start verilib. Şəhər ərazisində mövcud olan 13 qəzalı yataqxanadan ikisinin sökülərək yerində yeni, müasir yaşayış binalarının tikintisi nəzərdə tutulur. Lakin, proses tikintidən çox, burada yaşayan ailələrin taleyi ilə bağlı sualları gündəmə gətirir.
1950-ci illərdə inşa edilən bu yataqxanaların sökülməsi Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən həyata keçirilir. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ərazidə söküntü və tikinti işləri aparılır. Əsas diqqət isə bu yataqxanalarda yaşayan ailələrin köçürülmə prosesinə yönəlib. Məlumata görə, sökülməsi planlaşdırılan 2 yataqxanada ümumilikdə 216 ailə yaşayır. Rəsmi qurumlar sakinlərin köçürülmə prosesi barədə məlumatlandırıldığını bildirsə də, bəzi yataqxana sakinləri bu barədə əvvəlcədən məlumatlarının olmadığını deyirlər.
Onların sözlərinə görə, ərazidə aparılan qazıntı və tikinti işləri təhlükə yaradır və istənilən an yaşadıqları binanın uçma riski var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.