AZ

20 Yanvar ərəfəsində Moskva ilə son dialoq –Şeyxülislam, Bəxtiyar Vahabzadə Primakovdan nə tələb etmişdi?

 Bir neçə gündən sonra Azərbaycanda 20 yanvar faciəsinin 36 ili tamam olur.

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı və eyni zamanda taleyüklü səhifələrindən biridir. Sovet ordusunun Bakıya yeridilməsi yüzlərlə dinc sakinin ölümü ilə nəticələndi və imperiya hakimiyyətinin əsl mahiyyətini açıq şəkildə ortaya qoydu. Lakin bu faciə təkcə hərbi əməliyyat kimi yox, həm də onun qarşısını almaq üçün son ana qədər aparılan siyasi və mənəvi mübarizə kontekstində dəyərləndirilməlidir. Həmin ağır günlərdə bu qanlı cinayətə qorxmadan etiraz edən, pisləyən ictimai xadimlər, siyasətçilərin adları da tarixdə yerini tutur.

Respublikada son dərəcə gərgin vəziyyət hökm sürürdü. Xalq arasında etimadını itirmiş kommunist rəhbərliyi böhranın qarşısını almaq üçün nə edəcəklərini bilmirdilər.

Meydanda xalqın inandığı, etibar etdiyi ziyalılar, ictimai xadimlər qalmışdı. Şeyxülislam Allahşükür Paşazadə, görkəmli ədəbiyyat xadimlərimiz Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və digər milli ziyalılarımız var qüvvələri ilə qanlı hadisələrin baş verməməsinə çalışırdılar.

Onlar gərgin siyasi böhran şəraitində qanlı hadisələrin baş verməməsi üçün sovet rəhbərliyi ilə danışıqlar apararaq qoşunun şəhərə girməməsini tələb ediblər.

1990-cı ilin yanvarında Azərbaycan tarixinin taleyini dəyişən hadisələr təkcə Bakının küçələrində deyil, qapalı kabinetlərdə də cərəyan edirdi. Sovet ordusunun Bakıya yeridilməsi ərəfəsində Moskva rəhbərliyi vəziyyəti “siyasi yolla nizamlamaq” görüntüsü yaratmaq üçün SSRİ-nin xüsusi nümayəndəsi Yevgeni Primakovu Bakıya göndərmişdi.

Primakovun Bakıya göndərilməsi rəsmi olaraq “vəziyyəti yerində öyrənmək” məqsədi daşıyırdı. 14-15 yanvar 1990-cı il tarixdə keçirilən Azərbaycan KP MK Bürosunun iclasında Y. Primakov respublikada fövqəladə vəziyyət  tətbiq edilməsini təklif edir. Mövcud qanunvericiliyə görə isə fövqəladə vəziyyət ancaq respublika Ali Sovetinin qərarı ilə tətbiq edilə bilərdi.

Həmin günlərdə Y.Primakov Azərbaycanın nüfuzlu ictimai simaları – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, xalq şairi Bəxtiyar Vahabzadə və digərləri ilə danışıqlar aparmışdı. Azərbaycan ziyalıları sovet rəsmi nümayəndələri ilə görüşlərdə vahid və prinsipial mövqedən çıxış edirdilər. Onların tələbləri emosional yox, siyasi və mənəvi arqumentlərə əsaslanırdı. Danışıqların əsas və dəyişməz tələbi bu idi: Bakıya qoşun yeridilməməlidir; şəhərdə vəziyyət silahlı qiyam xarakteri daşımır; asayiş yerli hüquq-mühafizə orqanları vasitəsilə təmin oluna bilər.

Onlar bildirirdilər ki, Bakıda fövqəladə vəziyyət gərginliyi azaltmayacaq, əksinə, qarşıdurmanı dərinləşdirəcək, bu addım sovet hakimiyyətinə olan son etimadı da məhv edəcək. Xalq bunu özünə qarşı cəza tədbiri kimi qəbul edəcək.

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibəsində Primakovla görüş zamanı baş verən hadisəni danışarkən demişdi ki, İsmayıl Şıxlı, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənovla  yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanında çox sərt tonda keçən görüş zamanı Primakovla mübahisə baş verib. “Allahşükür Paşazadə kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi”-deyə B.Vahabzadə xatırlamışdı.

Ziyalılar danışıqlarda tələb edirdilər ki, xalq hərəkatının səbəbləri kriminal kontekstdə yox, siyasi müstəvidə dəyərləndirilsin, Qarabağ problemi üzrə Azərbaycanın mövqeyi dinlənilsin, etiraz edən kütlə ilə birbaşa dialoq qurulsun.

Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda guya islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirdyi barədə  məlumat yayırdı.  Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqını dünyada diskreditə etmək, onun haqlı etirazını qarşısını almaq məqsədi güdürdü. Y.Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribata hesablanmış avanturist gediş idi.

Primakov Şeyxülislama deyir ki, o, prezident Mixail Qorbaçovla danışıb. “Mənə Azərbaycanda hakimiyyətə rəhbərliyi götürməyi təklif etdi. Dedi ki, mənə hər cür dəstək veriləcək. Ançaq bu şərtlə ordu Bakıya girməyə bilər. Bu təklif mənim üçün tam gözlənilməz oldu”-deyə Şeyxülislam qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verir və deyir ki, o Moskvada Komsomol məktəbini yox, Buxarada mədrəsəni bitirib.

Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə və Etibar Məmmədova deyir ki, AXC qarşıda gözlənilən Ali Sovetə seçkidə qalib gəlsə bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır. Ordu ona görə lazımdır ki, biz Azərbaycanın SSRİ-dən ayrılmasının qarşısını alaq.

Qeyd edək ki, 1989-cu ilin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı geniş vüsət almışdı. Qarabağ problemi, mərkəzin ədalətsiz mövqeyi, sosial-iqtisadi böhran və milli hüquqların tapdanması Bakını kütləvi etirazların mərkəzinə çevirmişdi. Moskva isə bu prosesləri siyasi dialoqla deyil, zorakı nəzarət mexanizmləri ilə dayandırmağa çalışırdı.

Məhz bu mərhələdə Azərbaycanın ictimai xadimləri, yazıçıları, alimləri və dini liderləri vəziyyətin fəlakətə doğru getdiyini anlayaraq, sovet rəhbərliyi ilə təmaslar qurmağa başladılar.

20 Yanvar ərəfəsində aparılan danışıqlar dövlət kanallarından çox, ictimai nüfuz və mənəvi təsir üzərindən qurulurdu.  Danışıqların əsas məqsədi Moskvanı inandırmaq idi ki, Bakıda baş verənlər silahlı üsyan deyil, xalqın legitim etirazıdır. Ordu yeridilməsi vəziyyəti sakitləşdirməyəcək, əksinə, nəzarətdən çıxaracaq. Hərbi müdaxilə dinc əhalinin kütləvi qırğını ilə nəticələnəcək.

Şeyxülislam Allahşükür Paşazadə həmin günlərdə təkcə dini lider kimi deyil, cəmiyyətin mənəvi gücünü təmsil edən fiqur kimi çıxış edirdi. O danışıqlar Bakıya ordu yeridilməsinin ağır mənəvi nəticələr doğuracağını vurğulayır, qan tökülməsinin heç bir siyasi məqsədlə əsaslandırıla bilməyəcəyini açıq şəkildə ifadə edirdi.

Nəticəsiz qalan dialoq

Bütün cəhdlərə baxmayaraq, danışıqlar real nəticə vermədi. Bunun bir neçə əsas səbəbi var idi: Kremldə qərar əvvəlcədən verilmişdi. Sonradan üzə çıxan faktlar göstərdi ki, sovet rəhbərliyi Bakıya qoşun yeridilməsi planını danışıqlardan xeyli əvvəl təsdiqləmişdi. Moskva bu təmaslardan daha çox vaxt qazanmaq, beynəlxalq ictimaiyyət qarşısında “dialoq” görüntüsü yaratmaq üçün istifadə edirdi. Kreml üçün əsas təhlükə konkret hadisələr yox, Azərbaycanın müstəqillik yoluna çıxması idi. Bu yol tanklarla kəsilməli idi.

20 Yanvar ərəfəsində aparılan danışıqlar bir faciəni dayandıra bilməsə də, tarix üçün mühüm siyasi və mənəvi dəlildir.

Azərbaycan cəmiyyəti zorakılığı seçmədi, ictimai və dini liderlər Moskvanın qanlı planında yer almadı, qan tökülməsinə razılıq vermədi. Sovet ordusunun Bakıya girişi tam siyasi və mənəvi iflas aktı kimi tarixə düşdü.

Bu qanlı müdaxilə göstərdi ki, 20 Yanvar faciəsi qaçılmaz hadisə yox, planlı və məqsədli dövlət terroru idi.

20 Yanvar təkcə matəm günü deyil, həm də xalqın siyasi ayılma və müstəqillik yolunda dönüş nöqtəsidir. 20 Yanvar ərəfəsində sovet rəhbərliyi ilə aparılan danışıqlarda ziyalılarımızın haqlı tələbləri eşidilmədi. Amma məhz bu mövqe Azərbaycan tarixində 20 Yanvarı təkcə faciə yox, həm də mənəvi müqavimət kimi əbədiləşdirdi.

SSRİ müdafiə naziri D. Yazovun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən ‘Tayfun” adlı hərbi əməliyyat telestudiyanın enerji blokunun partladılması  ilə 19 yanvar saat 19.27 dəqiqədə başladı. Bunun ardınca rus qoşunları saat 21.00-da Türkan və Qala hərbi hissələrindən çıxıb Bakı şəhərində doğru gəlməyə başladılar.

Yüzlərlə dinc sakinin qətli, minlərlə insanın yaralanması ilə müşayiət olunan bu qanlı qırğın SSRİ tarixində öz vətəndaşlarına qarşı misli görünməmiş divantutma əməliyyatına çevrildi.

Aydın ƏLİYEV

 

AzPost.az

Seçilən
51
1
azpost.info

2Mənbələr