AZ

Hindistan Fransa ilə bağlı bu planı təsdiqlədi

Hindistan Fransanın Rafale qırıcılarının alınması və birgə istehsalı ilə bağlı genişmiqyaslı planı təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Bloomberg agentliyinin yazdığına görə, Hindistanın Müdafiə Satınalmaları Şurası ölkənin hava hücumundan müdafiə sistemində mövcud olan ciddi boşluqların aradan qaldırılması məqsədilə 114 ədəd Rafale qırıcısının alınmasını və Fransa ilə birgə istehsalını nəzərdə tutan təklifi təsdiqləyib.

Qərar müzakirələrin məxfi xarakter daşıması səbəbilə ictimaiyyətə açıqlanmayan iclasda qəbul edilib.

Hindistanın Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələri məsələ ilə bağlı rəsmi sorğulara hələlik cavab verməyib. Qeyd olunur ki, bu satınalma əsasən Rusiya istehsalı olan və getdikcə azalmaqda olan Hindistan Hərbi Hava Qüvvələri parkı üçün ciddi yenilənmə hesab olunur.

Hazırda Hindistanın istifadəsində 36 ədəd Rafale qırıcısı var. Bundan əlavə, ölkə bu ilin aprelində 26 ədəd dəniz versiyalı Rafale təyyarəsinin alınmasına dair saziş imzalayıb.

Mənbələrin məlumatına görə, 114 təyyarədən əksəriyyəti Hindistanda, Fransanın müdafiə sənayesinin nəhəngi Dassault Aviation ilə birgə istehsal olunacaq. Bu çərçivədə Fransa tərəfi Hindistanlı tərəfdaşlara texnologiya transferi həyata keçirəcək. Planın əsas hədəfi texnologiya ötürülməsi başa çatdıqdan sonra təyyarələrin 50–60 faizinin Hindistan istehsalı olan komponentlərdən ibarət olmasıdır.

Xatırladaq ki, Hindistan 2015-ci ildə keyfiyyət və yerli istehsal məsələləri ilə bağlı uzunmüddətli danışıqlardan sonra 126 ədəd Rafale qırıcısının alınması ilə bağlı əvvəlki sazişi ləğv etmişdi.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun gələn ay Hindistana səfəri gözlənilir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, Hindistan hazırda Fransa istehsalı olan hərbi texnikanın ən böyük alıcısıdır.

Seçilən
83
nocomment.az

1Mənbələr