AZ

Kreml növbəti “işğal hədəfi”ni müəyyən edib: Rusiya “qoca qitə”yə qarşı savaş planını artıq işə salıb

Rusiya Ukrayna savaşını artıq lokal münaqişə çərçivəsindən çıxararaq, Avropa qitəsinin gələcək təhlükəsizlik probleminə çevirməyə çalışır… Əgər, qarşıduran tərəflər siyasi-diplomatik kanalları tamamilə itirərsə, onda növbəti mərhələdə Rusiya və Avropa ölkələri arasında real toqquşmalar qaçılmaz ola bilər…

Ukrayna savaşı artıq öz inkişaf istiqamətlərini ciddi şəkildə dəyişdirməyə başlayıb. Belə ki, bu müharibə son vaxtlara qədər ABŞ və Qərbin Rusiyanı zəiflətmək üçün icad etdiyi hərbi poliqon hesab olunurdu. ABŞ və Qərb Rusiyani Ukraynada çıxılmaz “savaş bataqlığı”na salmaqla, yeni qlobal düzənin konturlarını çəkməyə çalışırdı.

Ancaq Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə ABŞ-ın qlobal prioritet hədəfləri ciddi şəkildə dəyişməyə başladı. Nəticədə Avropa Birliyi ilə ziddiyyətləri dərinləşən ABŞ-ın Rusiyaya yaxınlaşması Kremlə öz beynəlxalq mövqelərini yenidən bərpa etmək imkanları qazandırdı. Və bu baxımdan, Rusiya artıq Ukrayna savaşının dayandırılması üzrə “sülh masası”nda ABŞ-dan aldığı dəstək sayəsində Avropa Birliyinə qarşı hərbi təhdid faktoruna çevrilməyi də bacarıb.

fc1c8683-ce13-45ec-8027-ddacb82bd11c.jpg

Onu da qeyd etmək lazımdır ki, Kremlin qlobal məkanda özünə güvəni tədricən geri qaytarmağa başlayıb. Bu baxımdan, xarici işlər naziri Sergey Lavrovun bəzi son açıqlamaları Rusiyanın Qərbə münasibətdə artıq ehtiyatlı siyasi-diplomatik balansdan imtina etdiyini açıq şəkildə nümayiş etdirir. Belə ki, Kreml indi öz mesajlarını maksimum səviyyədə sadələşdirərək, savaşa hazırlaşan Avropa ölkələrinə “Rusiya hücum etməyəcək. Ancaq özü hücuma məruz qalarsa, Rusiyanın cavab zərbəsi dağıdıcı olacaq” məzmunlu xəbərdarlıq edir. Və Kremlin bu mesajı faktiki olaraq, Avropa məkanının təhlükəsizlik arxitekturasına ünvanlanmış strateji təhdid anlamı daşıyır.

Əsas diqqətçəkən məqam isə ondan ibarətdir ki, Sergey Lavrov ilk dəfə olaraq, bu qədər açıq şəkildə Avropa ölkələrini Rusiya üçün ciddi problem mənbəyi kimi göstərir. Halbuki, uzun onilliklər boyu Kremlin ritorikasında məhz ABŞ əsas qlobal rəqib kimi təqdim olunurdu. İndi isə Kremlin hərbi-siyasi hədəflərinin yeni xəritəsində ümumilikdə Avropa Birliyi, daha konkret ön planda Fransa, Almaniya və Böyük Britaniya yer alır.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri üçün Avropa ölkələri artıq Ukrayna münaqişəsində vasitəçi və ya ABŞ-ın kölgəsində hərəkət edən ümumi geopolitik iradı mərkəzi deyil. Yəni, Kremldə Avropa dövlətlərini indi Ukrayna savaşının birbaşa iştirakçı tərəfi olaraq, qəbul edirlər. Rusiya siyasi dairələri hesab edirlər ki, Avropa ölkələri Ukraynaya silah tədarükü, maliyyə axınları, kəşfiyyat dəstəyi və indi isə mümkün hərbi kontingent göndərmək ideyaları ilə Kremlin öz təhlükəsizliyi üçün müəyyən etdiyi “qırmızı cizgiləri” çoxdan aşıb.

Təbii ki, Avropa dövlətlərinin ABŞ-dan fərqli olaraq, getdikcə, daha sərt və prinsipial məzmun daşıyan mövqeyi Kremldə ciddi narahatlıq doğurur. Ona görə də, rus diplomat “Avropa hərbi kontingentləri qanuni hədəf olacaq” deyərkən, hüquqi xəbərdarlıq etmək deyil, məhz hərbi-siyasi mesaj vermək niyyəti güdür. Yəni, Kreml müharibənin coğrafiyasının genişlənməsinə siyasi-psixoloji zəmin yaradır. Və bunun qlobal siyasi məsuliyyətini də elə öncədən Avropa ölkələrinin üzərinə yükləməyə çalışır.

38d02546-b32e-41f8-b11f-f6418c472979.jpg

ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Kreml artıq yeni bir narrativ formalaşdırmağa çalışır. Belə ki, Ağ Ev Ukraynaya Rusiya ilə savaşda daha əvvəlki kimi ciddi dəstək vermir. Çünki ABŞ indi əsas prioritetlərini Çin, Yaxın Şərq və daxili problemlərinə yönəldir. Və bu kontekstdə Avropa ölkələri ABŞ-ın “təhlükəsizlik çətiri”ni tədricən itirməyə başlayıb.

Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da NATO-nun genişlənməsinin ABŞ strategiyasında ilk dəfə ciddi şübhə altına alınmasına istinad etməsi qətiyyən təsadüfi deyil. Rusiya indi artıq Avropa ölkələrinə demək istəyir ki, Ukrayna müharibəsinin əsas yükü və riskləri bundan sonra məhz “qoca qitə”nin üzərinə düşəcək. Və bu, o deməkdir ki, Kreml yeni hərbi-siyasi mərhələdə Avropa ölkələrini Ukrayna savaşının birbaşa iştirakçıları kimi qəbul etmək niyyətindədir.

Digər tərəfdən, Kremlin Zelenski hakimiyyətinə yönəlik ittihamları da indi artıq yalnız informasiya müharibəsinin elementi deyil. Rusiya siyasi dairələri Qərb cəmiyyətlərində Ukraynaya dəstəyin mənəvi əsaslarını mövcud himayə kontekstindən çıxartmağa çalışır. Kremldə “qoca qitə”yə yönəlik korrupsiya, diversiyalar və mülki hədəflərlə bağlı ittihamların Avropa ictimai rəyində artıq suallar doğurmağa başlamasından da tamamilə məmnundur. Və Rusiyanın bu strategiyasında əsas məqsədi Ukraynanı Avropa ölkələri üçün təhlükəsizlik tərəfdaşı yox, məhz risk mənbəyi kimi təqdim etməkdən ibarətdir.

Eyni zamanda, Rusiya siyasi dairələrinin Yaxın Şərq barədə mesajları Kremlin qlobal oyunu daha geniş məkanda gördüyünü biruzə verir. Kreml hesab edir ki, Qərb eyni vaxtda bir neçə “münaqişə ocağı”nı aktual saxlamaqla, əsas rəqiblərini zəiflətməyə çalışır. Ancaq bu strategiya qlobal idarəolunmazlıq riskini artırır. Və Avropa ölkələri üçün əlavə təhlükəsizlik problemləri də yaradır.

0add7af5ec3f4db956dc917676275ec6.jpg

Bütün bunların qarşılığında Qərb ölkələri üçün preventiv seçim variantları isə həm məhdud, həm də onların hər birisi kifayət qədər risklidir. Belə ki, Rusiyaya qarşı savaşda Ukraynaya dəstəyi azaltmaq Avropa Birliyinin geopolitik nüfuzuna ciddi zərbələr vura bilər. Kremlin eskalasiya strategiyasına uyğun olaraq, Ukrayna savaşında birbaşa hərbi iştirak isə bu münaqişəni Rusiya-Avropa müharibəsinə çevirər.

Ona görə də, hazırkı vəziyyətdə Avropa ölkələri daha çox üçüncü varianta – Ukrayna savaşının mümkün qədər uzadılmasına meyllidir. Ancaq bu variant Avropa ölkələri üçün resursların tüklənməsinə səbəb olduğundan bu, sosial narazılıqlar, iqtisadi təzyiqlər və siyasi radikallaşma risklərini də ciddi şəkildə artırır. Və bu baxımdan, Rusiya indi Avropa ölkələrini savaş təxribatları ilə mümkün qədər çıxılmaz vəziyyətə salmağa çalışır.

Göründüyü kimi, Kremlin son davranışları yeni qarşıdurma mərhələsinin qəliz əlamətləri də hesab oluna bilər. Belə ki, Rusiya Ukrayna savaşını artıq lokal münaqişə çərçivəsindən çıxararaq, Avropa qitəsinin gələcək təhlükəsizlik probleminə çevirməyə çalışır. Əgər, qarşıduran tərəflər siyasi-diplomatik kanalları tamamilə itirərsə, onda növbəti mərhələ real toqquşmalarla müşayiət oluna bilər. Və bu isə Avropa ölkələri üçün son onilliklərin ən ciddi təhlükəsizlik böhranı anlamına gəlir.

Elçin XALİDBƏYLİ

“Yeni Müsavat”

Seçilən
28
2
editor.az

3Mənbələr