Qanlı Yanvar qırğını
Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, lakin ən şərəfli qurbanlardan biri 1990-cı il 20 Yanvar-Qanlı Yanvar qırğınıdır. Bu faciə yalnız bir gecənin qanlı hadisəsi deyil, eyni zamanda Sovet imperiyasının çökməyə doğru getdiyini göstərən tarixi dönüş nöqtəsi, Azərbaycan xalqının milli iradəsinin sarsılmazlığının sübutudur.
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsi və Moskvanın qərəzli mövqeyi respublikada gərginliyi getdikcə artırmışdı. Bakı və digər şəhərlərdə xalqın azadlıq, suverenlik tələbləri ilə keçirilən kütləvi etirazlar Sovet rəhbərliyini ciddi narahat edirdi. Məhz bu şəraitdə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi fövqəladə vəziyyət elan etmədən, xalqı məlumatlandırmadan Bakıya ağır silahlanmış ordu yeritdi. Televiziya stansiyasının partladılması nəticəsində şəhər informasiya blokadasına alındı və dinc əhali təhlükədən xəbərsiz qaldı.
Tanklar və zirehli texnika Bakının küçələrinə yeridildi, barrikadalar dağıdıldı, qaçan insanlar gülləbaran edildi. Qadınlar, qocalar, uşaqlar, təcili yardım əməkdaşları belə amansızlıqdan xilas ola bilmədi. Avtobuslar, minik avtomobilləri, hətta təcili tibbi yardım maşınları atəşə tutuldu. Rəsmi məlumatlara görə, 131 nəfər həlak oldu, 700-dən çox insan yaralandı, yüzlərlə şəxs həbs edildi və itkin düşənlər oldu. Bu, Sovet Ordusunun öz vətəndaşlarına qarşı törətdiyi açıq hərbi cinayət idi.
Qanlı Yanvar hadisələrinə Azərbaycan xalqı böyük qürur və mətinliklə cavab verdi. Minlərlə insan şəhidlərin dəfn mərasimində iştirak edərək Şəhidlər Xiyabanını müqəddəs ziyarətgaha çevirdi. Xalqın bu birliyi göstərdi ki, güllə və tankla azadlıq ideyasını məhv etmək mümkün deyil. Məhz 20 Yanvar faciəsindən sonra müstəqillik ideyası daha da gücləndi və Azərbaycan xalqı geri dönməz azadlıq yoluna qədəm qoydu.
Qanlı Yanvar həm də dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. Beynəlxalq mətbuat bu hadisəni Sovet imperiyasının öz xalqına qarşı törətdiyi qəddarlıq kimi dəyərləndirdi. Sonralar SSRİ rəhbərliyinin bəzi nümayəndələri belə bu qərarı siyasi səhv kimi etiraf etdilər.
Bu gün 20 Yanvar-Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Qanlı Yanvar şəhidləri Azərbaycan tarixində azadlığın, qürurun və milli qeyrətin rəmzinə çevrilmişdir. Onların tökülən qanı hədər getmədi-həmin qan müstəqil Azərbaycan Respublikasının təməl daşlarından biri oldu. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq və şəhidlərin xatirəsini hər daim uca tutacaq.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.