Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran günlərdir ki, etiraz dalğası ilə çalxalanır. Bahalığa etirazlar qısa müddətdə bütün ölkəni əhatə edib, kütləvi etirazlara çevrilib, rejim aksiyaçılara divan tutub. Minlərlə insan öldürülüb. Aksiyaçıların əsasən gənclərdən ibarət olması və onların ölkədə indiyə qədər toxunulmaz hesab edilən ali dini lider Seyid Əli Xameneyiyə qarşı açıq etirazı diqqət çəkir.
“Cebheinfo.az” xəbər verir ki, 40 ildən çoxdur dini lider Ayətullah İrandakı İslam rejiminin əsas simvolu olub. Son 36 ildir ki, bu vəzifəni Əli Xameneyi tutur. İsraillə 12 günlük müharibə zamanı onun bu vəzifədən uzaqlaşdırılması barədə ictimai müzakirələr aparılıb. Hazırkı kütləvi etirazlar fonunda o, müxalifət üçün hakimiyyətin təcəssümünə və ABŞ Prezidenti Donald Tramp üçün sərt tənqid hədəfinə çevrilib.
Ölkədəki gərginliyin daha da artması halında Xameneyinin İrandan təxliyə edilməsi planları barədə mediada müntəzəm olaraq məlumatlar yayılır, 1979-cu ildə devrilən şahın oğlu Rza Pəhləvi isə tələsik davranaraq Ayətullah rejiminin süqutunu və qayıdışını elan edib. Ayətullah Xameneyi kimdir, o, necə İranın lideri olub, kütləvi etirazlar və ABŞ-dən gələn təhdidlər fonunda hakimiyyəti qoruyub saxlaya biləcəkmi?
Ayətullah Xameneyi kimdir?

Ayətullah Seyid Əli Xameneyi İranın ali lideri, faktiki olaraq dövlət başçısı olan Rəhbər vəzifəsini tutur. Bu, İranda həm siyasi, həm də ən yüksək mənəvi-dini vəzifədir. Rəhbər bütün hakimiyyət qollarına rəhbərlik edir və ölkədə əsas qərarları müəyyənləşdirir.
Rəhbər kimdir?
Rəhbər simvolik deyil. Onun razılığı olmadan ölkədə heç bir təyinat edilə bilməz - nə mülki icra hakimiyyətində, nə də təhlükəsizlik sahəsində kadrlar onsuz seçilir.Əli Xameneyi 1989-cu ildən bəri İran İslam Respublikasına rəhbərlik edir. Ondan əvvəl rəhbər vəzifəsini 1979-cu il inqilabının lideri Ayətullah Ruhullah Xomeyni tuturdu.

Hətta İran prezidenti də dövlətdə yalnız ikinci ən yüksək vəzifəli şəxsdir. Prezident hökumətə rəhbərlik edir və Rəhbərə hesabat verir. İran İslam Respublikasının Konstitusiyasına görə, ali lider aşağıdakı səlahiyyətlərə sahibdir:
Hökumətin qanunvericilik, icra və məhkəmə qollarına nəzarət edir;
Xarici və müdafiə siyasəti də daxil olmaqla, dövlətin ümumi siyasətini müəyyən edir;
İran Silahlı Qüvvələrinin ali baş komandanıdır;
İslam hüququ məsələləri ilə bağlı fətvalar (hökmlər) verir;
Keşikçilər Şurası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla, kadr məsələlərində əsas rol oynayır.
Haradan hara...
Əli Xameneyi 19 aprel 1939-cu ildə ölkənin şərqindəki dini şəhərlərindən biri olan Məşhəddə anadan olub.O, Məhəmməd Peyğəmbərin nəslindən hesab olunur, lakin azərbaycanlı olduğunu özü dəfələrlə deyib.
Xameneyinin ailəsi ruhanilərlə bağlı olub. Babası Güney Azərbaycanda və İraqda tanınmış din xadimi olub, bəzi məlumatlara görə, mədrəsədə, daha sonra isə Məşhəd üləmasında müəllim kimi çalışıb. Lakin ailə varlı yaşamayıb.
“Atam tanınmış ilahiyyatçı idi. Eyni zamanda, o, son dərəcə dindar idi və zahid həyat tərzi sürürdü. Həyatımız çətin idi. Yadımdadır, evimizdə şam yeməyi olmadığı vaxtlar olurdu”,-deyə sonralar Əli Xameneyi xatırlayırdı.
Xameneyi Məşhəddəki Şiə İlahiyyat Akademiyasında təhsil alıb, sonra təhsilini Nəcəf və Qum ilahiyyat məktəblərində davam etdirib. Məhz Qumda Ayətullah Xomeyni ilə tanış olub. Xomeyni onun müəllimi və siyasi inkişafında mühüm rol oynayıb.
1960-cı illərdə Əli Xameneyi Şah Məhəmməd Rza Pəhləvinin devrilməsini müdafiə edən islamçı gizli qruplaşmaya qoşulub. O, təhlükəsizlik xidmətlərinin diqqətini cəlb edib və bir neçə dəfə həbs olunub.

1979-cu il inqilabından sonra Xomeyninin yaxın silahdaşı kimi cümə namazının imamı (rəhbəri) təyin edilib. Bu vəzifə sadəcə dini vəzifə deyildi. İranda cümə xütbələri əsas siyasi mesajları çatdırırdı. Hətta o zaman belə, o, özünü rejimin mühafizəkar qanadının liderlərindən biri kimi aparırdı. Tezliklə gələcək Rəhbər Məclisin üzvü oldu və 1981-ci ildə səslərin 97 faizini qazanaraq İran Prezidenti seçildi.
Xameneyi səkkiz il prezidentlik vəzifəsini icra etdi. Bu dövr 1980-1988-ci illərdə İran-İraq müharibəsi, eləcə də şah tərəfdarlarına və digər müxalifət xadimlərinə qarşı repressiyaların güclənməsi ilə xarakterik idi. Bundan əlavə, əvvəlcə inqilabi milis kimi qəbul edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təsiri Prezident Xameneyinin dövründə daha da artdı.
1989-cu ildə Ayətullah Xomeyninin vəfatından sonra Xameneyi ali rəhbər seçildi. Qərar xalq səsverməsi ilə deyil, Ekspertlər Şurası tərəfindən qəbul edildi. Ekspertlər Şurasının 74 üzvündən 60-ı Əli Xameneyiyə səs verdi.
“Səbir stratejiyası”
Siyasi analitiklərin fikrincə, Xameneyi ilk növbədə menecer və strateq kimi fərqlənirdi. İnqilabın lideri Xomeynidən fərqli olaraq, Xameneyi natiqlik qabiliyyətinə güvənə bilməzdi. Buna görə də qurumların fəaliyyətinin sistemli uyğunlaşdırılmasına və dövlət strategiyasının hazırlanmasına daha çox güc sərf edirdi.
Bu gün İranın xarici siyasətinə rəhbərlik edən "səbir strategiyası"nın əsas prinsiplərini formalaşdıran da Xameneyi idi. Bu strategiyanın əsasını qalib gələ bilməyəcəyiniz münaqişələrdən qaçınmaq və düşmənin əlverişsiz şərtlərlə mübarizə aparmaq cəhdlərindən yayınmaq təşkil edirdi.
Xameneyi ölərsə...
Ötən ilin iyun ayında İsrail-İran münaqişəsi zamanı İsrail hakimiyyəti Rəhbərin zərərsizləşdirilmə ehtimalını istisna etməyib. Medianın məlumatına görə, ali liderin bunkeri Tehranda yerləşə bilər. Xameneyinin yaşı ilə əlaqədar olaraq varis məsələsi daha da aktuallaşır, onun artıq 87 yaşı var.
Bu baxımdan, "The New York Times" qəzeti Xameneyinin öləcəyi təqdirdə mümkün varis namizədlər haqqında məlumat yayıb. Qəzetin məlumatına görə, o, namizədləri müəyyənləşdirərkən hakimiyyətin sürətli və nəzarətli şəkildə ötürülməsini təmin etməyə və siyasi irsini qorumağa çalışıb. Yeni rəhbərin seçilməsi prosesi o qədər də asan olmayacaq. İslam Respublikasının bütün tarixində ali liderin seçilməsi yalnız bir dəfə baş verib. Çünki sistemin özü hakimiyyət boşluğundan qaçmaq üçün nəzərdə tutulub.
İranın siyasi sistemində həm sülh, həm də müharibə dövründə qeyri-sabitliyin risklərini və təhdidlərini azaltmaq üçün hazırlanmış mexanizmlər var. Məsələn, israillə 12 günlük zamanı Əli Xameneyi ali baş komandan olaraq qalsa da, hərbi əməliyyatların birbaşa komandanlığını generallara həvalə edib.

Bu, taktiki və əməliyyat səviyyələrində qərar qəbuletmə azadlığını genişləndirib. Buna görə də, belə güman edilir ki, rəhbər olmayacağı təqdirdə ordunun hərəkətləri avtomatik dayanmayacaq.

Eyni zamanda, rəhbər vəzifəsinə real namizədləri müzakirə etmək hazırda çətindir. 2024-cü ilin may ayında həlak olan prezident İbrahim Rəisi mümkün varis hesab olunurdu, lakin o vaxtdan bəri potensial namizədlərin adları nadir hallarda ictimaiyyət qarşısında müzakirə olunur.
Ehtimal olunur ki, elita daxilində artıq konsensus yaranıb, lakin xarici dünya bundan yalnız Ekspertlər Şurasının qərarından sonra xəbər tutacaq...
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.