AZ

Dambrauskas üstümüzə hansı “silah”la gəlib?

Bu yaxınlarda “Sabah”ı tərk edən bosniyalı müdafiəçi Boyan Letiçin müsahibəsini oxudum.

Bəribaşdan deyim ki, Letiçi yaxşı futbolçu, etibarlı müdafiəçi kimi tanımışam. “Sabah” indiyə qədər ölkə çempionatında uğurlu çıxış edib, müəyyən nəticələr qazanıbsa, bunda Letiçin əvəzsiz xidmətinin olduğu şübhə doğurmur. Onun müsahibəsində diqqətimi çəkən əsas məqamlardan biri məşqçi dəyişiklikləri ilə bağlı dedikləri oldu. Sitat: “Oyunumdakı enişə məşqçi dəyişiklikləri böyük təsir göstərə bilər, çünki hər məşqçinin öz sistemi var – bəzisi sənə uyğun gəlir, bəzisi yox. Murad Musayevlə olan “Sabah”la sonrakı “Sabah” eyni deyildi. Düzünü desəm, Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim, amma ondan iki həftə əvvəl müqavilə müddətini uzatdığım üçün bu, mümkün olmadı”.
Belə dəyişikliklər təkcə “Sabah”ın yox, ümumilikdə Azərbaycan futbolunun böyük problemidi. Bizim klublar uğursuzluqları məşqçiləri dəyişməklə, azarkeşlərə bu cür dəyişikliklərin fonunda yeni ümidlər verməklə ört-basdır etməyi sevirlər. Bacarıqsız klub rəhbərləri işbaz menecerlərlə əlbir olur, yararsız legionerləri vaqon-vaqon Azərbaycana gətirir, heyət formalaşdırırlar. Həmin o sınıq-salxaq, amma xeyli bahalı heyət “bir parça çörəkpulu” qazanmaq arzusuyla susan məşqçinin sərəncamına verilir. Sözsüz, bunun da davamında məğlubiyyətlər, xal itkiləri sıralanır. Günahkarı uzaqda axtarmaq lazım gəlmir. İlk hədəf baş məşqçi seçilir. Onu “qurbanlıq qoyun”a çevirib, qurban verirlər. Bəli, razıyam ki, bəzi hallarda məşqçilər də belə transfer maxinasiyalarında pay (günah) sahibi olurlar. Amma bu detal belə ümumi mənzərəni dəyişmir.
“Sabah” da bu mənada istisna olmayıb. Xeyli müddətdi ki, “Sabah” Azərbaycanın iddialı klublarından birinə çevrilib. O qədər də böyük tarixə malik olmayan “Sabah”a yaxşı maliyyə ayrılıb, “Vətən” futbol məktəbinin resursları klubun ixtiyarına verilib. Adətən, baş məşqçi postu əcnəbi mütəxəssislərə tapşırılıb. Komadaya gələn-gedən legionerlərin də sayını itirmişik. Bütün bunların qarşılığında “bayquşlar” avrokuboklarda ciddi uğur qazana, uzun yol qət edə bilməyib. Bəzi parlaq qələbələr növbəti uğursuzluğun fonunda təsadüfi xarakter daşıyıb. Bu ilin mayında qazanılan ölkə kuboku da klubun muzeyinə qoyulan ilk ciddi mükafat sayıla bilər. Maraqlıdı ki, klub rəhbərliyi kubok qazanılan zaman baş məşqçi postunu tutan Vasili Berezutskiylə də yola davam etmədi. Görünür, premyer-liqa qarşılaşmalarındakı uzun heç-heçə seriyası, “Sabah”ın qələbə qazanmağa çətinlik çəkməsi rəhbərliyin “səbr kasası”nı kubokun finalına qədər daşırıbmış. Qazanılan qənimət də rusiyalı çalışdırıcının postunda saxlanılmasına kifayət etmədi.
Berezutskinin gedişindən sonra “Sabah”a litvalı mütəxəssis Valdas Dambrauskas baş məşqçi təyin edilib. Onun təyinatından sonra “Sabah”ın həm oyununda, həm də nəticələrində ciddi dəyişikliklər var. Masazır təmsilçisi qış fasiləsinə lider yollanmağı bacarıb. Özü də bunu fasilə ərəfəsində “Qarabağ” üzərində əzmkar qələbə qazanmaqla bacarıb. Mövsümün ən baxımlı qarşılaşmalarından biri sayılan həmin oyunda “Sabah” güclü rəqibinə asanlıqla təslim olmadı, hesab açılandan sonra belə intizamını pozmadı. Nəticə də özünü gözlətmədi. “Sabah”ın “Qarabağ”ın qapısına vurduğu qolların hər ikisi düşünülmüş kombinasiyanın, “məşqçi əli” hiss edilən hücumun nəticəsi idi. Əyani dueldən qalib çıxan “Sabah” lider kürsüsünə təsadüf nəticəsində oturmadığını da nümayiş etdirmiş oldu.
Hadisələrin axarınıqabaqlamaq, “Sabah”ın mövsümün sonunda da ilk pillədə olub-olmayacağı haqda fikir yürütmək fikrində deyiləm. Bütün bunlar başqa söhbətin mövzusudu. Bu yazıda Valdas Dambrauskasın “Sabah” üçün tapıntı olduğunu demək istəyirəm. İntellektli insan təsiri bağışlayan Dambrauskas il ərzində 21285 səhifəlik 54 kitab oxumağı da bacarıb. Deməli, adam öz üzərində çalışmağı, daim inkişaf etməyi sevən biridi. Əlində olanlarla kifayətlənmir, daha böyük zirvələri hədəfləyir. Sözsüz, onun Azərbaycanda uğur qazanmasının əsas səbəblərindən biri də budu. Dambrauskas bizim üstümüzə çox ciddi bir “silah”la gəlib. Həmin “silah”ın detalları kitab, intellekt, düşüncə və zəngin dünyagörüşü kimi amillərdi. Hədəfi burda bilik və təcrübəsini artırıb, daha tanınmış, eyni zamanda da daha çox qazanacağı klublara yollanmaqdı. Bu mənada bizimkilərin də ondan öyrənəcəyi çox şey var. Öyrənmək də heç vaxt nə gec deyil, nə də qəbahət.
AMAL

Seçilən
88
football-plus.az

1Mənbələr