2025-ci il dünya aviasiyası üçün qara statistikalarla yadda qalıb. İl ərzində müxtəlif ölkələrdə baş verən təyyarə qəzaları nəticəsində yüzlərlə insan həyatını itirib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq aviasiya təhlükəsizliyi qurumlarının və açıq mənbələrin məlumatlarına görə, 2025-ci ildə mülki aviasiya ilə bağlı onlarla qəza hadisəsi qeydə alınıb. İl ərzində baş verən iri və səs-küylü qəzalar zamanı ümumilikdə 400-dən çox insanın öldüyü bildirilir. Ölənlər arasında sərnişinlər, ekipaj üzvləri, eləcə də bəzi hallarda təyyarələrin yaşayış məntəqələrinə düşməsi nəticəsində yer üzündə olan şəxslər də var. İlin ən ağır hadisələrindən biri 12 iyun 2025-ci ildə baş verən Air India Flight 171 qəzası olub. Bu faciə nəticəsində təyyarədə olan 242 nəfərdən 241-i, həmçinin təyyarənin düşdüyü ərazidə 19 nəfər həyatını itirib. Ümumilikdə bu qəza 260 nəfərin ölümü ilə nəticələnib.4 noyabr 2025-ci ildə ABŞ-ın Kentukki ştatında UPS Airlines Flight 2976 nömrəli kargo təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub. Ölənlərin 3-ü ekipaj üzvü, 12-si isə yer üzündə olan şəxslər olub.Bundan əvvəl, 31 yanvar 2025-ci ildə Pensilvaniya ştatında baş verən Med Jets Flight 056 qəzası 8 nəfərin ölümü ilə nəticələnib. Həlak olanlardan 6-sı təyyarədə, 2-si isə yer üzündə olub.17 mart 2025-ci ildə Hondurasda Aerolínea Lanhsa Flight 018 nömrəli təyyarənin qəzaya düşməsi nəticəsində 12 nəfər həyatını itirib.Daha bir ağır hadisə isə 21 iyul 2025-ci ildə Banqladeşdə qeydə alınıb. Chengdu J-7 tipli hərbi təyyarənin Dəkkə yaxınlığında qəzaya uğraması nəticəsində 36 nəfər həlak olub. Ölənlər arasında 1 ekipaj üzvü və 35 mülki şəxs yer alıb.Mütəxəssislər bildirir ki, qəzaların əsas səbəbləri arasında texniki nasazlıqlar, əlverişsiz hava şəraiti, insan faktoru və təhlükəsizlik qaydalarının pozulması ön planda yer alır. Bununla yanaşı, bəzi hadisələr hələ də araşdırma mərhələsindədir.Qeyd edək ki, bütün bu itkilərə baxmayaraq, beynəlxalq statistikaya əsasən, aviasiya hələ də ən təhlükəsiz nəqliyyat növlərindən biri hesab olunur. Mütəxəssislər vurğulayır ki, hər bir qəza sonrası təhlükəsizlik standartlarının sərtləşdirilməsi gələcəkdə oxşar faciələrin qarşısının alınmasına xidmət edir.