AZ

Türk dillərini tanıyan süni intellekt modeli təqdim edilib

AzVision.az qazax mətbuatına istinadlaxəbər verirki, Qazaxıstanda fəaliyyət göstərənCybernet AIstartapı türk dilləri üçün xüsusi olaraq hazırlanmış ən böyük avtomatik nitqin tanınması (ASR) modelini təqdim edib. Layihə Mərkəzi Asiya üçün mühüm texnoloji mərhələ hesab olunur və ingilis dilli həllərin adaptasiyası deyil, bütöv bir dil qrupu üçün sıfırdan yaradılmış ilk genişmiqyaslı süni intellekt modellərindən biri kimi qiymətləndirilir.

Layihə Qazaxıstanın Astana Hub texnoparkının və Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin strateji dəstəyi ilə həyata keçirilib. Modelin təlimi üçün Microsoft-un GPU infrastrukturundan istifadə olunub.

İndiyədək Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələri əsasən ingilis dili üçün optimallaşdırılmış beynəlxalq ASR modellərinə güvənirdilər. Bu həllər türk dillərinin fonetik xüsusiyyətlərini, regional aksentləri və gündəlik ünsiyyətdə geniş yayılmış qarışıq danışıq tərzini düzgün emal etməkdə çətinlik çəkirdi. Nəticədə bankçılıq, telekommunikasiya və dövlət xidmətlərində səs əsaslı süni intellekt xidmətlərinin keyfiyyəti məhdud qalırdı.

Cybernet AI isə fərqli yol seçərək modeli region daxilində və region üçün hazırlayıb,müasir türk dillərinin dil xüsusiyyətlərini başlanğıcdan sistemə inteqrasiya edib.


Yeni ASR modeli aşağıdakı dilləri əhatə edir:

Qazax dili

Türk dili

Özbək dili

Qırğız dili

Azərbaycan dili

Tatar dili


Bundan əlavə, model real müştəri ünsiyyətində geniş yayılmış türk–rus qarışıq nitqini də yüksək dəqiqliklə tanıyır. Model fon səs-küyünə, aksentlərə və bir cümlə daxilində dil dəyişmələrinə qarşı yüksək davamlılıq nümayiş etdirir və fintexdən tutmuş dövlət xidmətlərinədək müxtəlif istifadə sahələrində dəqiqliyini qoruyur.

Astana Hub-ın idarəedici direktoru Tanat Üskembayevin sözlərinə görə, layihə təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır:

“Cybernet AI-nin bu inkişafı türk dili qrupuna daxil olan ölkələrə süni intellektdən istifadə etməklə ana dillərində rəqəmsal xidmətləri və müştəri dəstəyini yüksək keyfiyyətlə və münasib qiymətə genişləndirməyə imkan verir. Qazaxıstan üçün bu, qlobal süni intellekt həllərinin istehlakçısı olmaqdan çıxaraq beynəlxalq səviyyədə rəqabətqabiliyyətli öz texnologiyalarını yaradan ölkəyə çevrilmək deməkdir”.


Cybernet AI-nin texniki direktoru Rəşid İsmayılov bildirib ki, şirkət şüurlu şəkildə ingilis dili əsaslı modellərin adaptasiyasından imtina edib:

“Biz ingilis dilli modellərin uyğunlaşdırılmasını məqsədli şəkildə rədd etdik və təbii, qarışıq danışıq dilini ana dil səviyyəsində anlayan ASR sistemi yaratdıq. Bu layihə sadəcə texnoloji məhsul deyil, yerli süni intellekt ekosisteminin formalaşdırılmasına və Qazaxıstanın texnoloji suverenliyinin gücləndirilməsinə töhfədir”.

ASR modeli həmçinin böyük həcmdə səsli ünsiyyət aparan təşkilatlar üçün hazırlanıb. Buraya banklar və maliyyə qurumları, telekommunikasiya operatorları, bütün səviyyələrdə kontakt mərkəzləri, logistika və xidmət şirkətləri, dövlət xidmətləri göstərən qurumlar daxildir.

Tərtibatçıların sözlərinə görə, bu həll müştəri dəstəyi xərclərini əhəmiyyətli dərəcədə azalda və sutkada 24 saat səs əsaslı xidmət göstərilməsini təmin edə bilər.

Cybernet AI haqqında

Cybernet AI Astana Hub rezidentidir və bankçılıq, fintex və digər tənzimlənən sahələrdə fəaliyyət göstərən kontakt mərkəzləri üçün təhlükəsiz korporativ süni intellekt həlləri üzrə ixtisaslaşıb. Platforma yüksək performans, nəzarətli miqyaslama və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına fokuslanır, eyni zamanda ciddi təhlükəsizlik və normativ tələblərə cavab verir.

Şirkət Qazaxıstan, Özbəkistan, Qırğızıstan, ABŞ, Meksika və Misirdə fəaliyyət göstərir, Böyük Britaniya və Aİ ölkələrində layihələr həyata keçirir. Cybernet AI həlləri qazax, özbək, rus, ingilis, ərəb və ispan dilləri daxil olmaqla 34 dili dəstəkləyir.

Məhəmmədəli Həsənli
AzVision.az






Seçilən
98
1
azvision.az

2Mənbələr