AZ

Ərdoğanın növbəti strateji qələbəsi: Tramp kürdləri oyundan çıxarır – FOTO

Suriya hökumət qüvvələrinin ölkənin şimal-şərqində yerləşən əsas neft və qaz yataqlarını nəzarətə götürməsi təkcə daxili silahlı qarşıdurmanın növbəti epizodu deyil, daha geniş geosiyasi mənzərədə dönüş nöqtəsi kimi qiymətləndirilir.

NOCOMMENT.az xəbər verir ki, uzun illərdən sonra ilk dəfə olaraq Dəməşq Suriyanın əsas enerji resursları üzərində birbaşa nəzarəti bərpa edib. Bu fakt həm ölkə daxilində qüvvələr balansını, həm də Suriya münaqişəsi ətrafında formalaşan regional maraqlar konfiqurasiyasını köklü şəkildə dəyişir.

Son günlərdə Suriya ordusu ölkənin ən böyük neft yatağı olan “Ömər”, “Konoko” qaz yatağı, eləcə də strateji əhəmiyyət daşıyan bir sıra obyektləri – o cümlədən Təbqə şəhərini və Fərat çayı üzərindəki bəndləri nəzarətə götürüb. Daha əvvəl bu ərazilər kürd “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində idi və ABŞ-ın dəstəyi ilə enerji resurslarından əldə edilən gəlirlər onların faktiki muxtariyyətinin iqtisadi əsasını təşkil edirdi. ABŞ-ın hücumu dayandırmaq çağırışlarına baxmayaraq, hökumət qüvvələri irəliləyişini davam etdirərək xarici təzyiqlərə məhəl qoymadığını nümayiş etdirdi.

Müşahidəçilərin fikrincə, söhbət protürk mövqeli Əhməd əş-Şəraa hökumətinin taktiki uğurundan deyil, strateji dönüşdən gedir. Neft və qaz üzərində nəzarət təkcə dövlət büdcəsi üçün gəlir mənbələrinin bərpası deyil, həm də gələcək Suriyanın siyasi modelinə dair açıq mesajdır. Dəməşq federativ və ya de-fakto formalaşmış muxtar idarəetmə modellərini rədd edərək, ərazi və resurslar üzərində tam suverenliyə malik mərkəzləşdirilmiş dövlət kimi geri qayıtmaq niyyətindədir. Bu kurs hakimiyyətin sərt konsolidasiyasını və yeni daxili qarşıdurmalar riskini də özündə ehtiva edir.

Yeni reallıqda ən həssas mövqedə qalan tərəf kürd strukturlarıdır. Enerji yataqlarının itirilməsi Suriyanın şimal-şərqindəki faktiki kürd muxtariyyətinin iqtisadi təməlini sarsıdır. Neft və qazdan əldə olunan gəlirlər kürd administrasiyalarına idarəetmə strukturlarını, silahlı birləşmələri və sosial sistemi maliyyələşdirməyə imkan verirdi.

Bu resursların itirilməsi kürd qüvvələrini strateji təcrid vəziyyətinə salır. Türkiyə sərt mövqe tutur, İraq aktiv dəstək göstərməyə hazır görünmür, Vaşinqton isə Suriya dosyesindən yorulduğunu və yeni rəsmi Dəməşqlə birbaşa qarşıdurmaya girmək istəmədiyini getdikcə daha açıq şəkildə nümayiş etdirir.

Suriya ordusunun hərbi təzyiqi yerli əhali üçün göndərilən məhdud siyasi siqnallarla müşayiət olunur ki, bu da ərəb tayfalarının tədricən kürd ittifaqından uzaqlaşmasına gətirib çıxara bilər. Bu ssenari hərbi məğlubiyyətdən çox, kürd idarəetmə sisteminin daxildən dağılması anlamına gəlir. Hətta İsrail tərəfindən mümkün gizli dəstək belə bu tendensiyanı dəyişməyə qadir görünmür.

Beynəlxalq müstəvidə vəziyyət ABŞ üçün çətin seçim yaradır. Bir tərəfdən Vaşinqtonun suriyalı kürdlər qarşısında müəyyən müttəfiqlik öhdəlikləri qalır. Digər tərəfdən isə Dəməşqdə formalaşan yeni reallıq və aydın çıxış strategiyası olmadan növbəti qarşıdurmaya girmək istəməmək meyli güclənir.

Nəticədə ABŞ birbaşa qarşıdurmadan yayınaraq kəşfiyyat uçuşları, diplomatik mesajlar və “təhlükəsizlik çağırışları” ilə kifayətlənir. Kürdlər üçün bu, Amerika dəstəyinin müvəqqəti və şərti xarakter daşıdığının növbəti sübutu kimi qəbul olunur və Vaşinqtona uzunmüddətli tərəfdaş kimi inamı daha da azaldır.

İsrail isə hələlik prosesləri diqqətlə izləməklə kifayətlənir. Qısamüddətli perspektivdə kürd faktorunun zəifləməsi Ankara ilə münasibətlərdə gərginliyi azalda və yeni Suriya administrasiyasının İranla məsafə saxlaması potensial üstünlük kimi dəyərləndirilə bilər. Lakin uzunmüddətli baxışda, hətta Bəşər Əsədsiz də olsa, suveren və funksional Suriya dövlətinin möhkəmlənməsi İsrail üçün strateji risklər yaradır. Xüsusilə də Əhməd əş-Şəraa ilə Rəcəb Tayyib Ərdoğan arasında formalaşan siyasi ittifaq fonunda.

Beləliklə, enerji yataqlarının nəzarətə götürülməsi yeni Suriya, daha geniş mənada isə Türkiyə reallığının əsas elementinə çevrilir. Neft və qaz üzərində nəzarət Dəməşq və Ankaraya təkcə iqtisadi rıçaqları deyil, həm də daxili və xarici oyunçulara şərt diktə etmək imkanını geri qaytarır.

Mənbə: haqqin.az

Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
119
nocomment.az

1Mənbələr