Ərəb qəbilə qüvvələri YPG/PKK silahlı dəstələrini şəhərdən çıxararaq tam nəzarəti ələ keçirib...
Poliqon xəbər verir ki, Suriyanın Rakka şəhəri ərəb qəbilələrinə bağlı silahlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində YPG/PKK terrorçularından tam şəkildə təmizlənib. Şəhər üzərində nəzarətin bərpa olunmasından sonra Rakka sakinləri küçələrə çıxaraq illərdir davam edən silahlı qruplaşmaların hökmranlığının sona çatmasını qeyd ediblər.
Məlumata görə, təhlükəsizlik vəziyyəti sabitləşdirildikdən və Suriya hökumət qüvvələrinin bölmələri bölgəyə daxil olduqdan sonra şəhərin inzibati idarəçiliyinin Dəməşqə təhvil verilməsi nəzərdə tutulur. Yerli mənbələr bildirir ki, ərəb qəbilə qüvvələrinin irəliləməsi fonunda YPG/PKK və onlarla əlaqəli SDF silahlıları Rakka vilayətini tərk etməyə məcbur qalıb və onların bir hissəsi ərazini piyada şəkildə tərk edib.
Şahidlərin sözlərinə görə, şəhərdə yaşayan mülki əhali ABŞ tərəfindən təchiz edilən və əvvəllər SDF/YPG/PKK döyüşçüləri tərəfindən istifadə olunan Humvee tipli hərbi nəqliyyat vasitələrini ələ keçirib. Bu fakt bölgədə illər boyu formalaşmış silahlı strukturların sürətlə dağılmasının göstəricisi kimi qiymətləndirilir.
Qeyd edilir ki, məhz bu silahlı birləşmələr uzun müddət ərzində ABŞ-dən ciddi maliyyə və texniki dəstək alıb. Yerli müşahidəçilər hesab edirlər ki, Rakkada vəziyyətin dəyişməsi Suriyanın şimalında qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək və mərkəzi hakimiyyətin mövqelərini gücləndirəcək.
Poliqon.info