AZ

Qeyri-neft ixracımızın əsas problemi: Alternativ bazar lazımdır | TƏHLİL


Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra yerindən bilavasitə neftin hesabına start götürmüş hər hansı bir ölkənin iqtisadiyyatını birdən-birə qeyri-neft sahələrinin üzərinə ötürmək qeyri-mümkün məsələdir. Buna vaxt lazımdır. İstənilən iqtisadi inkişaf dinamikası satışa və ixraca bağlıdır. Neft iqtisadiyyatımızı ona görə qaldırdı və inkişafımıza səbəb oldu ki, biz onu xaricə satırıq, valyutaya çevirə bilirik. Onu emal edib sata da bilərik, satırıq da. Lakin xammalı daha yaxşı və operativ reallaşdırmaq olur. Çünki, emal üçün müvafiq infrastruktur olmalıdır.

Qeyri-neft sektoru üzrə də belədir. Ümumiyyətlə, xammalı realizə etmək emal məhsulundan daha asan və rahatdır.

Bir ara ölkəmizdən qeyri-neft sektoru üzrə ixrac azalmışdı. 2025-ci ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixracın 18,4% artaraq 1,2 milyard ABŞ dollarına çatdığı qeydə alınıb.

Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb. 2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26,7% çoxalaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan rəqəmlər üzrə göstəricilər müsbət əhəmiyyət kəsb edir. Əvvəlki şərhlərimdə qeyri-neft sektoru üzrə ixracın azalmasını Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirmişdim. Qeyd etmişdim ki, ölkəmizdən qeyri-neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan məhz müharibənin yaratdığı fəsadların, konkret desəm, eyni bazardan asılı olmağımızın nəticəsidir. Bu özünü nə vaxtsa təzahür etdirməli idi, etdirir də. Söhbət bazar sarıdan alternativsizlikdən gedirdi. Demək istədiyim o idi ki, biz, qeyri neft-qaz sektoru üzrə şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu isə çox ciddi mənfi haldır. Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədəsə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik ən vacib məsələlərdən sayılmalıdır.

Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə bəlli olduğu kimi xırda istehsalçılar, fərdi təsərrüfatlardır. Bizdəsə həmin kontingent həmişə Rusiyanı ən əlverişli və alternativsiz bazar sayıblar. Qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçildikdən sonra da vəziyyət eyni qalmaqda davam edib. Son iki ildir sözügedən bazar səmərəlilik səviyyəsini itirib və hətta adi meyvə-tərəvəz satışı üçün də əvvəlkitək effektiv sayılmır. Belə bir fonda 2025-ci ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracının 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil etməsi böyük nəticədir.

Ümumiyyətlə, neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracı gərək artsın. Yeri gəlmişkən, artım olsa belə, neftdən və qazdan əldə etdiklərimizi qısa müddətə əvəz edə bilməyəcək. Ona görə də alternativ bazar imkanlarının nə dərəcədə vacib olduğu bir daha üzə çıxır. Həm də ki, qeyri-neft-qaz sektoru üzrə bəlli bir artım tempi, sürəti və imkanı vardır.

Yeri gəlmişkən, 2026-cı ildə qeyri-neft-qaz sektorunun ÜDM-də real artım sürətinin 5% olacağı proqnozlaşdırılır. "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən cari il ərzində qeyri-neft ixracının 2021-ci illə müqayisədə 85% artmasına nail olmaq qarşıya hədəf kimi qoyulub.


Pərviz Heydərov
Xüsusi olaraqAzVision.azüçün
Seçilən
100
1
azvision.az

2Mənbələr