BAKI, 19 yanvar. TELEQRAF
Liviyanın təhlükəsizlik orqanları ölkənin cənub-şərqində yerləşən Kufra şəhərində “gizli həbsxana” kimi təsvir edilən yerdən 200-dən çox miqrantı azad edib.
Teleqraf xəbər verir ki, bu barədə iki yerli təhlükəsizlik mənbəsi “Reuters” agentliyinə məlumat verib. Mənbələrin sözlərinə görə, miqrantlar qeyri-insani şəraitdə saxlanılıb.
Anonim qalmaq şərti ilə danışan təhlükəsizlik nümayəndələri bildiriblər ki, əməliyyat zamanı təxminən üç metr dərinlikdə yeraltı həbsxana aşkar edilib. Onların iddiasına görə, bu məkan liviyalı insan alverçisi tərəfindən idarə olunub. Mənbələrdən biri həmin şəxsin hələlik saxlanılmadığını qeyd edib.
Onun sözlərinə görə, azad edilən miqrantlardan bəziləri yeraltı kameralarda iki ilə qədər əsir saxlanılıb. Digər mənbə isə baş verənləri bölgədə indiyədək üzə çıxarılan ən ağır insanlığa qarşı cinayətlərdən biri kimi qiymətləndirib.
Məlumata görə, azad edilən miqrantların əksəriyyəti Səhraaltı Afrikadan, əsasən Somali və Eritreyadan olan şəxslərdir. Onların arasında qadınlar və uşaqlar da var. Kufra şəhəri Liviyanın şərqində, paytaxt Tripolidən təxminən 1700 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, 2011-ci ildə NATO-nun dəstəklədiyi üsyan nəticəsində Müəmmər Qəddafinin devrilməsindən sonra Liviya Avropaya doğru üz tutan miqrantlar üçün əsas tranzit marşrutlardan birinə çevrilib. Təhlükəsizlik vəziyyətinin zəif olması miqrantları zorakılıq və istismara daha açıq hala gətirib.
Ötən həftə Liviyanın şərqində miqrantlara aid azı 21 cəsədin tapıldığı kütləvi məzarlıq aşkar edilib. Mənbələr bildiriblər ki, həmin qrupdan sağ qalan 10 nəfərə yaxın şəxs azad edilməzdən əvvəl işgəncəyə məruz qalıb.
Liviyanın baş prokuroru isə cümə günü yaydığı açıqlamada ölkənin şərqində kütləvi məzarlıqla bağlı istintaq çərçivəsində bir nəfərin “miqrantlara qarşı ağır pozuntular törətmək” ittihamı ilə məhkəməyə verildiyini bildirib.
Xatırladaq ki, ötən ilin fevralında Kufra şəhərində təxminən 55 kütləvi məzardan 39 miqrantın cəsədi çıxarılmışdı. Şəhərdə 2023-cü ildə Sudanda başlayan münaqişədən qaçan on minlərlə sudanlı qaçqın da yaşayır.