AZ

Avropa Şurası Qrenlandiya ilə bağlı Aİ liderlərinin fövqəladə iclasını keçirəcək

Bölgə ətrafında artan gərginlik Brüsseli təcili siyasi koordinasiyaya vadar edir...

Poliqon xəbər verir ki, Avropa Şurasının sədri Antoniu Koşta Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda Aİ liderlərinin yaxın günlərdə fövqəladə iclasının çağırılacağını açıqlayıb. O, bu qərarı son hadisələrin əhəmiyyəti və Avropa İttifaqı daxilində mövqelərin daha sıx əlaqələndirilməsi zərurəti ilə əsaslandırıb.

Antoniu Koşta sosial şəbəkə X-də paylaşdığı açıqlamada bildirib ki, “son hadisələrin əhəmiyyətini nəzərə alaraq və gələcək koordinasiyanı təmin etmək məqsədilə Avropa Şurasının yaxın günlərdə fövqəladə iclasını çağırmaq qərarına gəldim”. Politico nəşrinin məlumatına görə, görüş yanvarın 22-də keçiriləcək və liderlər iclasa şəxsən qatılacaqlar.

Gərginliyin əsas səbəbi ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək niyyəti ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatlardır. Bu açıqlamalara cavab olaraq, Danimarkanın müraciəti əsasında Aİ-yə üzv səkkiz ölkə adaya onlarla hərbçi göndərərək hərbi təlimlər keçirməyə başlayıb. Bunun ardınca Donald Tramp həmin ölkələrdən idxal olunan məhsullara 10 faizlik gömrük rüsumları tətbiq ediləcəyini elan edib.

Financial Times qəzetinin yazdığına görə, Avropa tərəfi cavab addımı olaraq ABŞ mallarına ümumi dəyəri 93 milyard avro olan rüsumlar tətbiq edə, eyni zamanda “məcburetməyə qarşı mübarizə aləti” (ACI) kimi tanınan mexanizmi işə sala bilər. Qeyri-rəsmi olaraq “ticarət bazukası” adlandırılan bu alət ABŞ şirkətlərinin Avropa İttifaqının daxili bazarına çıxışını məhdudlaşdıra bilər. Analitiklər hesab edirlər ki, bu cür addımlar transatlantik ticarət münasibətlərində ciddi gərginliyə səbəb ola bilər.

Poliqon.info

Seçilən
82
poliqon.info

1Mənbələr