AZ

“Lap beş mərtəbə tikilsin, digər qonşunun həyəti görünürsə, bu, onun problemi deyil” - AÇIQLAMA

Son vaxtlar fərdi yaşayış evlərinin sıx şəkildə inşa edilməsi qonşular arasında mübahisələrə yol açır. Bəzi hallarda tikinti üçün nəzərdə tutulmayan torpaq sahələrində də ev tikmək istəyi müşahidə olunur. Ev sahibləri tikililərin çox yaxın yerləşməsindən və çoxmərtəbəli evlərin tikilməsi səbəbindən həyətlərinin görünməsindən narahatdırlar.

 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Pravda.az-a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən fərdi yaşayış evi tikmək üçün müvafiq torpaq sahəsi tələb olunur və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmalıdır:

Ekspert

“Mövcud normalara görə çıxarışda göstərilən torpaq sahəsinin yalnız 40 faizi üzərində tikinti aparılmasına icazə verilir. Məsələn, torpaq sahəsinin ümumi ölçüsü 100 kvadratmetr olduqda, onun yalnız 40 kvadratmetrində tikinti aparıla bilər. Qalan 60 kvadratmetr isə ön, arxa, yan tərəflərin qonşularla ara məsafələrin qorunması məqsədilə saxlanılmalıdır. Bir ev bir, digəri üç mərtəbədirsə, onların da ara məsafəsi var ki, ölçülərə görə dəyişə bilir. Əvvəlki illərdə verilmiş torpaq sənədlərinə və torpaq ayrılması ilə bağlı sərəncamlara nəzər saldıqda, vətəndaşlara əsasən 4, 6 və ya 12 sot, yəni müvafiq olaraq 400, 600 və 1200 kvadratmetr torpaq sahələrinin ayrıldığı müşahidə olunur. Təxminən 25–30 il əvvəl torpaq sahələrinin daha geniş olması səbəbindən vətəndaşlara fərdi yaşayış evi tikmək üçün kifayət qədər böyük sahələr verilirdi. Bu da onlara həm yaşayış evini inşa etməyə, həm həyətyanı sahəyə malik olmağa, həm də qonşu tikililərlə tələb olunan ara məsafələrini qorumağa imkan yaradırdı. Amma zamanla həmin ayrılan torpaq sahələrini vətəndaşlar hansısa bir maddi sıxıntı ucbatından və digər səbəblərdən hissə-hissə bölüb satdılar və tikinti normativləri pozuldu. Sıx yaşayış massivlərinə baxsaq, məsələn Bakının Yasamal rayonu, Abşeron rayonunun Xırdalan şəhəri, Masazır qəsəbəsi və s. burada artıq həyət evləri olan ərazilərdə tikinti normalarının tamamilə pozulduğunu görərik. Evlər bir-birlərinə sıx, bəziləri isə bitişik tikilib. Bu nəinki qonşunun digər qonşunun həyətini görməsi ilə nəticələnir, hətta evlərin hansısa birində yanğın baş verərsə artıq digər qonşu evlərə keçə bilər. Hansısa uçqun, dağıntı zamanı evlər sıx tikildiyi üçün əksəriyyətinə birdən xəsarət dəyə bilər. Qanunvericilikdə normativlər başqadır, mövcud vəziyyətdə isə mənzərə tam fərqlidir. Dünya standartlarına, Avropa ölkələrinə nəzər yetirsək, görərik ki, onlarda hasar anlayışı yoxdur. Xırda çəpərləmə olur. Məsələn, hansısa yaşayış evlərinin yanında çoxmərtəbəli bina tikiblər, bütün mərtəbələrdən həmin həyət evi görünür. Bu zaman şikayət edilə bilməz axı ki, kimsə burada ev tikib mənim həyətim görünür. Mental dəyərlər mövcuddur, amma onlar qanuna təsir edə bilmir. İki qonşu arasında ara məsafəsi qorunubsa, normativlər buna icazə verirsə, lap beş mərtəbə tikilsin, digər qonşunun həyəti görünürsə, bu, onun problemi deyil. Bu səbəbdən gələn şikayətlər mental dəyərlərdən irəli gəlir. Həyətinin görünməsini istəməyən qonşu ya hasarını hündürləşdirir, ya da müxtəlif hündürləmə sistemi qurmalıdır. Bununla bağlı qadağa yoxdur”.

 

Vəkil Abbas Quliyev isə bildirib ki, Dövlət Şəhərsalma Norma və Qaydalarının (AzDTN 2.6-1) 4.18-ci bəndinə əsasən, kənd yaşayış məskənlərində əsasən həyətyanı torpaq sahəsi olan 1–2 mərtəbəli yaşayış evlərinin tikintisi nəzərdə tutulur:

Barassociation.az

“Sənəddə qeyd olunur ki, müvafiq əsaslandırma olduqda hər mənzil üçün həyətyanı sahə ayrılmaqla 4 mərtəbəyədək seksiyalı yaşayış binalarının layihələndirilməsi və tikintisi də mümkündür. Eyni zamanda, normalara görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə tikililərin sayından asılı olaraq ən azı 15 metrdən 100 metrədək müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Yanvar 2026, 08:55   
Seçilən
19
pravda.az

1Mənbələr