Quruluşcu rejissoru, senari və ideya müəllifi, prodüseri Murad EME olan “81-18” filminin yanvarın 29-da Nizami kinoteatrında təqdimat mərasimi keçiriləcək.
Bu haqda Moderator.az-a filmin rəhbəri, həm də baş rol ifaçısı Murad EME açıqlama verib.
O bildirib ki, bu film trilogiya janrındadır:
“Bu filmin ardı var, ikinci hissəsini də yazmışam. Serial kimi düşünək. “81-18” işarəsinin açıqlaması budur ki, dünyada nə qədər insan varsa, hər kəsdə 81-18 var. Bunu film boyu üzə çıxarıb və sonda açıqlayırıq. Bəzi işarələr var ki, insanlar onu qavramır. Bəzi yerlər var ki, insan tək belə olsa Allah özünü orada göstərir. Bu filmdə mistik nüanslar da var. Sirlər açılır. Çox açıqlamaq istəmirəm, onu filmi izləyəndən sonra insanlar özləri görəcək”, - deyə rejissor qısa açıqlama verib.
Filmdəki ikinci baş obrazı tanınmış aktyor Elşad Zarafatsız canlandırır. O isə bildirib ki, ilk dəfədir belə rol oynayır:
“Bu ekran işi psixoloji-triller janrındadır. Bu janrda olan yeganə Azərbaycan filmidir. Yanvar ayının 29-da Nizami kinoteatrında qala gecəsidir. Baş rollarda mən və filmin senari və ideya müəllifi, rejissoru, Murad EME-dir. Murad müəllim bundan öncə də bir filmin senari müəllifliyini edib. Amma “81-18” onun quruluşçu rejissor kimi ilk işidir”.
Elşad Zarafatsız həmçinin digər bir film çəkilişi zamanı başına gələn maraqlı və qeyri-adi hadisəni də bizimlə bölüşüb:
“Film çəkilişi zaman senaridə mistik nüanslar var idi. Məsələn, insanın bədəninə ruh girir, ruh gəlib evi dolaşır. Biz də filmin kiçik bir səhnəsini Azərbaycanın dilbər guşələrindən birində lentə aldıq. Ev yiyəsi də çox gözəl bir ailə idi. Filmin senarisindən də xəbərdar idi. Filmi çəkib bitirdik. Biz Bakıya qayıdandan sonra ailə dedi ki, “evi, kəndi ruhlar basıb”. Biz təbii ki, inanmadıq. Amma deyilənə görə belə hadisələr zaman-zaman baş verir. Hətta ailə evlərini film çəkilişi üçün bizə verdiklərinə görə peşman idi”, - deyə aktyor bildirib.
Qeyd edək ki, film 29 yanvar Nizami kinoteatrında nümayiş olunacaq. Elə həmin tarixdən də film “Park Cinema” kinoteatrlar şəbəkəsində, “Flome Towers”-da, “Sevinc mall”-da, “Park Bulvar”-da, “Metropark”-da müxtəlif seanslarda yayımlanacaq.