Azərbaycanda ipoteka krediti gənclər üçün getdikcə çətinləşir. Yüksək ilkin ödəniş, faiz dərəcələri və sərt gəlir tələbləri minlərlə gəncin mənzil sahibi olmaq imkanını məhdudlaşdırır.
İpotekanın gənclərə əlçatan olması üçün hansı mexanizmlər icra olunmalıdır?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, gənclər üçün ipoteka kreditinin çətin olmasının əsas səbəbi onların maliyyə vəziyyətinin hələ tam formalaşmamasıdır:
“Gənclər adətən əmək fəaliyyətinə yeni başladıqları üçün maaşları aşağı olur və bu gəlir bankların tələb etdiyi ödənişləri qarşılamaq üçün kifayət etmir. Eyni zamanda gəlirin sabit olmaması və iş yerlərinin tez-tez dəyişilməsini banklar risk kimi qiymətləndirir. İpotekaya tələb olunan ilkin ödəniş də gənclər üçün ciddi maneə yaradır. Mənzil qiymətləri yüksək olduğu halda, ilkin ödənişi toplamaq uzun illər tələb edir. Kirayə haqqı və gündəlik xərclər isə yığım imkanlarını daha da azaldır. Bir çox gəncin kredit tarixçəsi olmadığı üçün banklar onları etibarlı borcalan kimi görmür. Mənzil qiymətlərinin gəlirlərlə müqayisədə daha sürətlə artması problemi daha da dərinləşdirir. Xüsusilə böyük şəhərlərdə gənclərin maaşı ilə mənzil almaq arasında ciddi uyğunsuzluq yaranır. Bankların mövcud kredit siyasəti isə daha çox sabit gəliri və uzunmüddətli iş təcrübəsi olan şəxslərə üstünlük verir”.
İqtisadçı bildirib ki, ipotekanın gənclərə əlçatan olması üçün dövlətin rolu xüsusi əhəmiyyət daşıyır:
“Gənclər üçün aşağı faizli və az ilkin ödənişli xüsusi ipoteka proqramları tətbiq edilə bilər. İlkin ödənişin bir hissəsini dövlət dəstəkləyərsə və ya uzunmüddətli, faizsiz borc şəklində verilərsə, gənclərin yükünü qismən azalmış olar. Bank risklərini azaltmaq üçün dövlət zəmanəti mexanizmi də effektiv vasitə ola bilər. Bundan başqa, ailə üzvləri ilə birgə ipoteka imkanlarının genişləndirilməsi gənclərin kredit alma şansını artırar. Kirayədə yaşayan gənclər üçün ödənilən məbləğin gələcək ipotekaya sayılması kimi modellərin də praktik həll yolu kimi istifadəsiz mümkündür.
Ümumilikdə, ipoteka probleminin həlli yalnız gənclərin deyil, bütövlükdə iqtisadi və sosial siyasətin məsuliyyətidir. Dövlət, banklar və əmək bazarı arasında uyğunlaşdırılmış yanaşma olmadan ipotekanın gənclər üçün həqiqətən əlçatan olması çətin görünür”.