AZ

Ötən il vəkilliyə qəbul olunan şəxslərin sayı açıqlandı

Ötən il Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub.

Bu barədə “Yeni Sabah”a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 06.07.2025 və 28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.

Nəticə etibarilə, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

Kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 2018-2025-ci illər ərzində VK üzvlüyünə qəbul olunan 2 156 şəxs müxtəlif dövlət və özəl qurumlarda fəaliyyət göstərib.

Rəqəmlərlə göstəricilər:

- Özəl sahə: 1 227 nəfər

Dövlət qurumları:

- Prokurorluq: 58 nəfər

- Polis: 105 nəfər

- Ədliyyə: 80 nəfər

- Məhkəmə: 370 nəfər

- Hakimlər: 96 nəfər

- Digər dövlət qurumları: 220 nəfər

Bildirmək istərdik ki, Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun Ədliyyə Akademiyasında martın 17-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədlə, aprelin 30-da 105 vəkilliyə namizədlə, iyunun 11-də 88 vəkilliyə namizədlə və noyabrın 20-də isə 65 vəkilliyə namizədlə görüşü keçirilib. Görüşlərdə çıxış edən sədr namizədlərə uğurlar arzulayıb, təlimlər zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini bildirib.   

Bundan başqa, hesabat ilində VK-nın təşəbbüsü ilə vəkilliyə namizədlər üçün vəkil qurumlarının rəhbərləri və nümayəndələri tərəfindən büroların təqdimatı olub. Məqsəd Ədliyyə Akademiyasında icbari təlim keçmiş namizədlərin büro seçimini könüllü həyata keçirməsidir. Təqdimat zamanı vəkil qurumlarının rəhbərləri və nümayəndələri namizədlərə öz bürolarının fəaliyyəti, keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi barədə məlumatlar veriblər. Həmçinin onlar hüquqi yardımın təşkilində və peşəkar etik davranış prinsiplərinə riayət olunmasında vəkilliyin vacib rolunu vurğulayıblar.


Telegram kanalımız
Seçilən
159
4
yenisabah.az

10Mənbələr