Mövsümə çempionluq iddiası ilə başlayan “Turan Tovuz” azarkeşlərinə boş ümid vermişdi.
Mövsümün startı ərəfəsində klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev qızıl medalı hədəflədiklərini, bunun üçün yola çıxdıqlarını bəyan etmişdi.
Qərbli fanatlar aldadıldıqlarını çox tez başa düşdü. Həmin müsahibənin populizm xarakterli olduğu komandanın ev oyunlarını Bakıda keçirəcəyi bəlli olanda anlaşılmışdı.
Məsələ ondadır ki, tovuzlular rəqiblərini çempionluğun əsas iddiaçısı olan “Qarabağ”ın gözü önündə, onun ehtiyat meydançasında keçirəcəkdi.
İlk turlar yaxşı alınsa da, zamanla “Turan Tovuz”un nəinki çempionluğa, hətta avrokuboka vəsiqə uğrunda mübarizəyə hazır olmadığı göründü. Ardıcıl xal itkilərindən sonra ilk dördlükdən kənar düşmək an məsələsidir. Komanda aparıcı oyunçularından birini satıb, əvəzində heç kim transfer olunmayıb. Yəqin ki, kimlərsə alınacaq, amma mövsümün ikinci yarısı üçün təşkil olunan təlim-məşq toplanışına qatılmayanların nə vaxta formaya düşəcəyi, komandaya hansı faydanı verəcəyi müəmmalıdır.
Bütün bunlar klubun biləcəyi işdir – öz cəzalarını özləri çəkəcək. Klubun doğru idarə edilmədiyini, səriştəsizlərin meydan suladığını isbat edən növbəti fakt dünən ortaya çıxdı. Qərblilərin müraciətindən sonra Peşəkar Futbol Liqası (PFL) onlara oyunlarını yenidən Bakıda keçirməyə icazə verdi.

Mövsümün ilk 9 turunun ev oyunlarını “Azersun Arena”da keçirən, qazonu dəyişdirilən doğma stadiona qayıtdıqdan sonra burada cəmi 3 matça çıxan tovuzlular yenə paytaxta üz tutub. PFL-in yaydığı açıqlamada yazılanlar yalnız rəsmi cümlələrdir. Xülasə isə odur klub rəhərliyi gördüyü əla işi özü zibilə çevirib.
Süni ot örtüyünü təbii qazonla əvəzləmələrinə görə alqışlanması gərəkən “Turan Tovuz” məsuliyyətsizlik etdi, hazır olmayan meydana qayıtmağa tələsdi və gülünc vəziyyətə düşdü. Noyabrın əvvəlində “Şamaxı” ilə 10-cu tur çərçivəsində ilk oyunda bəlli oldu ki, ot örtüyü bərkiməyib, xalça görüntüsü verən qazon 10 dəqiqədən sonra butsların ağırlığına dözməyib bataqlığa çevrildi. Ardınca daha iki oyun oldu və biabırçı mənzərə davam etdi.
Kəsəsi, tovuzlular tələsməklə ikiqat xərcə düşdü. Halbuki daha bir neçə tur dözüb, mütəxəssislərdən müsbət rəy alaraq görülən əla işi sürəkli alqışlarla taclandırmaq olardı. İndi Ehtiram Quliyevin onu bu vəziyyətə salanlardan hesabat istəməsi, əlavə xərci onların boynuna yükləməsi lazımdır. Amma bildiyimizə görə belə şey olmayıb, hər şey təbiətin boynuna yüklənib.
Səhlənkarlığın nəticəsi olaraq Tovuz stadionu yenə uzunmüddətli təmirə bağlanıb. PFL-in açıqlamasından bəlli olur ki, qərblilər növbəti dönüşü Novruz bayramı ilə eyni gündə qeyd edəcək. Ümid edək ki, heç olmasa, həmin vaxt problem çıxmaz, bir dəfə kövrək köklərindən qopan qazon bu dəfə daha dözümlü olar.
Tovuzluların müraciəti ilə qərar qəbul edən PFL də bu dəfə arenanı qəbul edərkən daha diqqətli olmalıdır. Yoxsa ki, qərblilər onların düzənini dağıtmağa, reqlamenti baş-ayaq etməyə, Əsasnaməni ayaqlamağa davam edəcək. Qazon olayı üzündən ardıcıl meydan dəyişikliyi, yanvarın 25-də “Sumqayıt”la matçın Mehdi Hüseynzadə adına stadiona salınması qurumun abırını əlindən alıb. Yarımçıq qalan “Qəbələ” – “Turan Tovuz” oyununun məhz qonaqların istəyi ilə yaza təxirə salınmasının PFL-in nüfuzuna hansı zərbən vurduğu da yaddaşımızdadır.
Tovuzluların stadion karuseli ilə bağlı bir neçə atalar sözü bir anda ağlıma gəldi. “Tələsən təndirə düşər”; “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”; “Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb”… Məncə, sonuncu daha uyğundur, amma o da ilk iki məsəli tamamlayır. Qazona yaxşı baxmaq, tələsməmək lazım idi ki, növbəti dəfə Suraxanıya qayıdılmayaydı…
Eşşəyə minib-düşməklə ləqəbi “atlılar” olan “Qarabağ”la çempionluq mübarizəsindən dəm vurmaq xəyalpərəstlikdir (futbolinfo).