Müəllif:Mehin Qasımova,Banco.az
Davosda Dünya İqtisadi Forumunun açılışı ilə eyni vaxtda dərc edilən Oxfam-ın son hesabatı qlobal sərvət bərabərsizliyinin son illərin ən yüksək səviyyəsinə çatdığını ortaya qoyub.
Banco.az xəbər verir ki, hesabata görə, milyarderlər arasında sərvət artım tempi əvvəlki dövrlə müqayisədə üç dəfə sürətlənib.
Oxfam-ın hesablamalarına əsasən, 2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti 16 faiz artaraq 18,3 trilyon dollara yüksələcək. Eyni ildə milyarderlərin sayı ilk dəfə 3000 nəfəri keçərək tarixi rekorda imza atacaq.
Hesabatda qeyd olunur ki, Tesla və SpaceX-in baş direktoru İlon Mask 500 milyard dollardan çox sərvətə malik olan ilk şəxs kimi tarixə düşüb.
4,1 milyard insanın sərvətinə bərabər artım
"Oxfam" bildirir ki, milyarderlərin təkcə son bir ildə sərvətlərinə əlavə etdiyi 2,5 trilyon dollar dünyanın ən yoxsul 4,1 milyard insanının ümumi sərvətinə bərabərdir. Bu artım dünya əhalisinin təxminən yarısının yoxsulluq içində yaşadığı və hər dörd nəfərdən birinin müntəzəm qidalanmaya çıxışda çətinlik çəkdiyi bir dövrdə baş verib.
Siyasi və media təsiri artır
Hesabatda vurğulanır ki, sərvətin cəmləşməsi siyasi təsirin də dar bir seqmentdə toplanmasına səbəb olur. Milyarderlərin siyasi vəzifə tutmaq və ya siyasi qərarların qəbuluna birbaşa təsir göstərmək ehtimalı adi vətəndaşlarla müqayisədə 4000 dəfə daha yüksəkdir.
Eyni zamanda, ultra-zənginlərin media üzərində təsirinin artdığı qeyd olunur. Jeff Bezos, İlon Mask, Patrick Sun-Shiong və Vincent Bolloré kimi milyarderlərin investisiyaları nəticəsində dünyanın aparıcı media şirkətlərinin yarıdan çoxu artıq milyarderlərin nəzarəti altındadır.
Artımın əsas səbəbi – vergi siyasəti
"Oxfam" sərvət artımının əsas səbəbləri kimi ABŞ-da Donald Tramp administrasiyası dövründə tətbiq edilən vergi endirimlərini, çoxmillətli korporasiyalara verilən güzəştləri, antiinhisar qaydalarının yumşaldılmasını və süni intellekt şirkətlərinin bazar dəyərlərinin sürətlə yüksəlməsini göstərir.
Oxfam-ın icraçı direktoru Amitabh Behar bildirib ki, varlılarla cəmiyyətin qalan hissəsi arasındakı dərinləşən uçurum demokratik sabitliyi ciddi şəkildə təhdid edir və “təhlükəli, davamlı olmayan siyasi kəsir” yaradır. Onun sözlərinə görə, bir çox hökumətlər vətəndaş azadlıqlarını məhdudlaşdırdığı və sosial rifah proqramlarını azaltdığı halda, elitanın maraqlarına üstünlük verirlər.
Hökumətlərə çağırış
"Oxfam" hesabatında hökumətləri artıq sərvətə daha yüksək vergilər tətbiq etməyə, bərabərsizliyi azaltmaq üçün milli proqramlar həyata keçirməyə və siyasətlə kapital arasındakı əlaqəni daha sərt şəkildə tənzimləməyə çağırır.
Təşkilat vurğulayır ki, hesabat Davosda bir araya gələn qlobal liderlər üçün iqtisadi bərabərsizliyin real miqyası ilə bağlı ciddi və vaxtında edilən bir xəbərdarlıqdır.