AZ

Almatı polisi məktəblərdə terror aktlarının hazırlandığı barədə məlumatı təkzib edib

Astana, 19 yanvar, AZƏRTAC

Sosial şəbəkələrdə və mesencerlərdə Almatının (Qazaxıstan) bir sıra məktəblərində guya terror aktlarının hazırlandığına dair yalan məlumat yayılır.

AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, Almatı şəhər Polis Departamentinin məlumatına görə, bu məlumatlar həqiqətəuyğun deyil.

Polisdə vurğulanıb ki, hazırda şəhərdəki təhsil müəssisələrində vəziyyət tam nəzarət altındadır. Hüquq-mühafizə orqanları və digər əməliyyat xidmətləri gücləndirilmiş iş rejimdə işləyir, uşaqların və pedaqoqların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Bildirilir ki, qəsdən yalan məlumatın yayılması faktı üzrə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Saxta məlumatın müəllifi və mənbəyi müəyyənləşdirilir. Onun yayılmasında iştirak edən şəxs qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

Polis Departamenti vətəndaşlara yalnız rəsmi mənbələrin - dövlət orqanlarının və hüquq-mühafizə strukturlarının məlumatlarına etibar etməyə çağırıb.

Qeyd olunur ki, qəsdən yalan məlumatın, xüsusən də uşaqların təhlükəsizliyinə aid məlumatların yayılması ciddi qanun pozuntusu hesab olunur və qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
119
azertag.az

1Mənbələr