Almaniya hökuməti ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq ölkə ərazisində yerləşən Amerika hərbi bazaları üçün ödənişləri əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir.
Editor.az xəbər verir ki, bu barədə The Times nəşri Berlindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Berlin Almaniya ərazisində yerləşən ABŞ hərbi bazalarının bağlanmasını planlaşdırmır. Lakin xüsusilə Ramştayn və Ştutqartda yerləşən Amerika hərbi obyektləri üçün ödənilən kirayə haqqının ciddi şəkildə artırılması gündəmdədir.
Qeyd edək ki, yanvarın 18-də Avropa İttifaqı ölkələrinin ABŞ-a qarşı gömrük rüsumları tətbiq etmək imkanlarını müzakirə etdiyi barədə məlumat yayılmışdı. Bundan bir gün əvvəl isə ABŞ Prezidenti Donald Tramp Danimarkanın Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləyən Avropa ölkələrinə qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.
ABŞ liderinin sözlərinə görə, bu rüsumlar iyun ayında 25 faizə qaldırılacaq və ABŞ-ın Qrenlandiyanı satın alması ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacaq.
//Gülnarə Abasova, Editor.az