Azərbaycan hökümətinin minalanmış ərzilərin xəritələrinin verilməsinə dair israrlı tələblərindən sonra Ermənistan bəzi beynəlxalq aktorlar vasitəsilə mina xəritələrini bir neçə mərhələdə Azərbaycana təhvil verdi. Birinci mərhələdə Ağdam rayonunda 97 000 minanın olduğu xəritə, ikinci mərhələdə Füzuli və Zəngilan rayonlarında 92 000 minanın olduğu xəritə təhvil verilib, sonrakı mərhələdə isə işğaldan azad edilmiş digər rayonların xəritələri təhvil verilib.
QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, 2024-cü ildə isə işğaldan azad edilmiş Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair 8 formulyar Azərbaycana təqdim edildi.
"Müvafiq ixtisaslı mütəxəssislər tərəfindən təqdim olunmuş xəritələrin yerində yoxlanılması aparılıb və məlum olub ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi 25 faizə yaxındır və mina sahələrinin formulyarlarının səmərəliliyi isə cəmi 2% olub. Bizim araşdırmalarımız nəticəsində məlum olub ki, Xocavənd, Tərtər və Goranboy rayonlarından keçən keçmiş təmas xəttinin 71 km-lik ərazisinin xəritəsi ümumiyyətlə təqdim edilməyib. Qazax rayonunun işğaldan azad edilmiş 4 kəndinin ərazisindəki minaların da xəritəsi verilməyib".