AZ

Gənclərin miqrasiya sahəsində bilik və bacarıqları artırılacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya məktəbi – 8” layihəsinə start verilib.

Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələrdə fəaliyyət göstərəcək gənclərin miqrasiya sahəsində bilik və bacarıqlarının artırılması, bu sahəyə marağın formalaşdırılması, peşəkar vərdişlərin aşılanması, dövlət idarəçiliyi barədə məlumatlandırılması, eləcə də onların fərdi və peşəkar inkişafına töhfə verilməsidir.

Açılış tədbirində DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Anar İskəndərov, xidmətin əməkdaşları və layihəyə seçilmiş 25 namizəd iştirak ediblər.

Xidmət rəisi Vüsal Hüseynov çıxış edərək müsabiqə mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanan gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, “Miqrasiya məktəbi” layihəsi gənclərin miqrasiya sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına, eləcə də peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Tədbirdə digər çıxış edənlər layihənin iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri, eləcə də aidiyyəti beynəlxalq təşkilatların fəaliyyəti barədə məlumat əldə etmək baxımından mühüm imkanlar yaratdığını vurğulayıblar. Bildirilib ki, altı ay müddətində həyata keçiriləcək layihənin proqramı müasir tədris metodları əsasında hazırlanıb.

Layihə çərçivəsində iştirakçılar üçün miqrasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, miqrasiyanın idarəolunması mexanizmləri və hüquqi çərçivə, diaspor fəaliyyəti, turizm və viza siyasəti, eləcə də digər aktual mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, iştirakçılar DMX-nin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı əldə edəcək, həmçinin onların fərdi və peşəkar bacarıqlarının inkişafına yönəlmiş əlavə təlimlər təşkil olunacaq.

Qeyd edək ki, təlimlər DMX-nin ixtisaslaşmış əməkdaşları, “Miqrasiya məktəbi”nin tərəfdaş qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də dövlət orqanlarının təcrübəli əməkdaşları tərəfindən keçiriləcək.

Seçilən
163
azertag.az

1Mənbələr