AZ

Məşhur klinikada qalmaqal: Ginekoloji əməliyyat kardioloji şöbədə aparıldı » AzadMedia.az



Tanınmış ictimai xadim, “Ali və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Liv Bona Dea xəstəxanasında keçirdiyi planlı ginekoloji əməliyyat zamanı ciddi tibbi səhlənkarlıq və qeyri-insani rəftarla üzləşdiyini bildirib.
Nigar Köçərlinin açıqlamasına görə, hadisə yanvarın 14-də baş verib. Səhər saatlarında planlı açıq ginekoloji əməliyyat üçün xəstəxanaya yerləşdirilən Köçərli əməliyyatdan sonra dözülməz ağrılar yaşadığını, dəfələrlə əlavə anesteziya istəməsinə baxmayaraq uzun müddət ona kömək edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, tibb personalı tərəfindən kobud davranışla üzləşib, yalvarışları isə cavabsız qalıb.
Əməliyyatın normalda 1–2 saat çəkməli olduğu halda təxminən 6 saat davam etdiyi, bu müddət ərzində isə yoldaşına heç bir rəsmi məlumat verilmədiyi bildirilib. Sonradan məlum olub ki, əməliyyat yer olmadığı əsas gətirilərək ginekoloji deyil, kardioloji şöbədə aparılıb.
Nigar Köçərli qeyd edib ki, xəstəxana rəhbərliyinə şikayət edildikdən sonra kamera görüntülərinin araşdırılacağı vəd edilsə də, bu barədə sonradan heç bir məlumat verilməyib. O, həmçinin xəstəxanadan buraxılarkən üzərində çıxarılmalı olan tibbi şlanq və yara bandlarının unudulduğunu, bunun yalnız evdə başqa tibb işçisi tərəfindən aşkar edildiyini bildirib.
Hadisədən sonra kardioloji şöbədən əlaqə saxlayan şəxsin “sadəcə smenlə bəxtiniz gətirməyib” deməsi isə ictimai narazılığı daha da artırıb.
Məsələ ilə bağlı Liv Bona Dea xəstəxanasından hələlik rəsmi açıqlama verilməyib.

Qeyd: Xəbər Nigar Köçərlinin və ailə üzvlərinin sosial şəbəkələrdə paylaşdığı açıqlamalara əsaslanır.
Seçilən
94
1
azadmedia.az

2Mənbələr