BAKI, 19 yanvar. TELEQRAF
"Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"dan şikayətçidir.
Teleqraf xəbər verir ki, o yanvarın 14-də, səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün gedib. Əməliyyatdan sonra dəhşətli ağrı hiss edib və nə qədər kömək istəsə də, məhəl qoyulmayıb. Əksinə ona tibb personalları tərəfindən kobud rəftar edilib, yarasının üzərinə qab atılıb.
İddialara görə, xəstəxanada yer olmadığı üçün onun əməliyyatı ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilib.
O, həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyat gedişi zamana ona heç bir məlumat verilmədiyini bildirib.
"Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdilər", - o qeyd edib.
Nigar Köçərlinin sözlərinə görə, problemlər bununla bitməyib, xəstəxanadan çıxanda da qeyri -peşəkarlığın şahidi olub.
"Yanvarın 16-də nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxartdılar".
O qeyd edib ki, belində yara bandları qaldığına görə hazırda bişməcədən əziyyət çəkir.
Məsələ ilə bağlı "Liv Bona Dea Hospital"a sorğu ünvanlanıb.