Gəncə, 19 yanvar, Elcan Məmmədov. AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf edir. O, mədəniyyətin xalqları birləşdirən və onları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biri olduğunu vurğulayıb.
Gürcüstan səfiri Zurab Pataradze ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, bu cür mədəni tədbirlərin xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblı gürcü xalqının musiqi və rəqs irsini özünəməxsus ifa tərzi və möhtəşəm xoreoqrafiyası ilə tamaşaçılara təqdim edib.