AZ

“İşəgötürənlər daha az sosial ödəniş etmək üçün rəsmi əməkhaqqılarını aşağı göstərirlər” – Əminə Quliyeva

Ölkəmizdə həyata keçirilən sığorta xidmətlərinin keyfiyyəti və bu xidmətlərin vətəndaşlar üçün bir sıra hallarda ciddi problemlər yaratması diqqət çəkir. Xüsusilə avtomobil sığortası sahəsində mövcud çətinliklər daha qabarıq şəkildə özünü göstərir.

Azərbaycan Konsaltinqlər Assosiasiyası İdarə Heyətinin sədri, GM Consulting MMC-nin direktoru Əminə Quliyeva Vətəninfo.az-a açıqlamasında bildirib ki, hazırda sığorta bazarında əsas pay icbari avtomobil mülki məsuliyyət sığortasına məxsusdur. Onun sözlərinə görə, avtomobillərin sığortalanması vətəndaşların ən çox istifadə etdiyi sığorta növlərindən biridir və bu sahə bazarın inkişafında mühüm rol oynayır.

Ekspert qeyd edib ki, vətəndaş müraciətlərinin və bəzən yaranan narazılıqların əsas səbəbi sığorta hadisələrinin qiymətləndirilməsi, sənədləşmə və ödəniş mərhələlərində ortaya çıxan anlaşılmazlıqlarla bağlıdır. Bu cür halların artması avtomobil sığortasından istifadə edən şəxslərin sayının çoxluğu ilə də əlaqəlidir.

Hazırda həm sığorta şirkətləri, həm də tənzimləyici qurumlar proseslərin daha şəffaf və operativ aparılması üçün müəyyən addımlar atırlar. Qarşılıqlı anlaşmanın və hüquqi maarifləndirmənin gücləndirilməsi bu sahədə münasibətlərin daha sağlam qurulmasına töhfə verə bilər.

Əminə Quliyeva əmlak sığortasının effektivliyinə də münasibət bildirib.

Onun sözlərinə görə, əmlak sığortası sığorta bazarında funksional və effektiv risk idarəetmə aləti kimi artıq öz əhəmiyyətini sübut edib. Sığorta hadisəsi baş verdiyi hallarda kompensasiya mexanizmlərinin işlək olması bu sığorta növünün praktiki faydasını təsdiqləyir.

“Xüsusilə hüquqi və maliyyə baxımından düzgün tərtib olunmuş müqavilələr çərçivəsində əmlak sığortası vətəndaşların əmlak maraqlarının qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, bazar göstəriciləri göstərir ki, əmlak sığortası hələ öz potensialını tam reallaşdırmayıb. İstifadə səviyyəsinin nisbətən aşağı olması əsasən məlumatlılıq çatışmazlığı, sığorta mədəniyyətinin yetərincə formalaşmaması və bəzi hallarda risklərin düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Bu sahədə institusional yanaşmanın gücləndirilməsi, şəffaflığın artırılması və sistemli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əmlak sığortasının bazarda daha dayanıqlı və etibarlı mövqe tutmasına imkan verəcək”, – deyə ekspert vurğulayıb.

Əminə Quliyeva işəgötürənlərin sosial ödənişlərdən yayınması məsələsinə də toxunub. O bildirib ki, bəzi hallarda, xüsusilə özəl sektorda, işəgötürənlər daha az sosial ödəniş etmək məqsədilə  işçilərin rəsmi əməkhaqqılarını aşağı göstərirlər. Nəticədə işçilərə ödənilən sığorta, pensiya və digər sosial təminat məbləğləri faktiki qazanca uyğun olmur.

“Bu, çox təəssüf doğuran bir haldır. Çünki hər bir vətəndaş haqq etdiyi sosial təminatı almalıdır. Belə hallar işçilərdə gələcək maliyyə təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır və sığorta sisteminə olan inamı azaldır. Şəffaflıq, qanunvericiliyə riayət olunması və işçi hüquqlarının qorunması həm vətəndaşların rifahı, həm də sığorta sisteminin sağlam inkişafı baxımından olduqca vacibdir”, – deyə Əminə Quliyeva əlavə edib.

Seçilən
32
veteninfo.az

1Mənbələr