Azərbaycan tarixində elə günlər var ki, onlar təkcə faciə kimi deyil, həm də milli dirçəlişin başlanğıcı kimi dəyərləndirilir. 20 Yanvar 1990-cı il məhz belə tarixlərdəndir.
Həmin gecə Sovet ordusunun Bakıda törətdiyi qətliam Azərbaycan xalqının azadlıq iradəsini boğmaq məqsədi daşısa da, əksinə, müstəqillik yolunda sarsılmaz bir ruh formalaşdırdı.
20 Yanvar şəhidləri azad və suveren Azərbaycan ideyasının ilk qurbanları oldular. Onların qanı ilə yazılan bu tarix xalqın öz taleyinə sahib çıxmaq əzmini gücləndirdi. Məhz bu milli oyanış sonrakı illərdə dövlətçilik düşüncəsinin əsasına çevrildi və xalq-ordu-dövlət birliyinin təməlini qoydu.
Bu ruhun ən parlaq təcəssümü 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində özünü göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək tarixi ədaləti bərpa etdi. Bu Zəfər təsadüfi deyildi - o, 20 Yanvarda şəhid olanların yarımçıq qalmış arzularının davamı idi. O gün tankların qarşısına əliyalın çıxan xalq, bu dəfə güclü ordu və siyasi iradə ilə düşmən üzərində qələbə qazandı.
20 Yanvar faciəsi ilə İkinci Qarabağ müharibəsi arasında mənəvi bir körpü var: azadlıq, ləyaqət və torpaq sevgisi. Şəhidlərin müqəddəs qanı ilə başlanan mübarizə Zəfərlə nəticələndi.
Bu gün müstəqil, qalib Azərbaycan 20 Yanvar şəhidlərinin xatirəsi qarşısında baş əyir və Qarabağda dalğalanan üçrəngli bayraq onların ruhuna verilən ən böyük cavabdır.
KÖNÜL İSMAYILOVA
/Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi,
MMP-nin sədr müavini/