AZ

Dünya İqtisadi Forumu dezinformasiya ilə əlaqəli artan qlobal riskləri qeyd edir

Dünya İqtisadi Forumunun (WEF) dərc etdiyi növbəti "Global Risks Far.Az" (GRPS) hesabatında qısa, orta və uzunmüddətli dövr üçün əsas qlobal risklər qiymətləndirilib.

"Far.Az"un məlumatına görə, tədqiqatın nəticələrinə əsasən, geoiqtisadi qarşıdurma qısamüddətli dövr (2026-cı il) üçün ən ciddi risk kimi tanınıb, iqtisadi təhdidlər isə bütün risk kateqoriyaları arasında ən kəskin artımı nümayiş etdirib.

Ümumilikdə, sorğu əsasında Dünya İqtisadi Forumu 2026-2036-cı illər üçün 34 qlobal riskdən ibarət siyahı tərtib edib.

2026-cı ildə geosiyasi və geoiqtisadi təhdidlər risk qiymətləndirmələrində üstünlük təşkil edir. GRPS sorğusunun iştirakçılarının təxminən üçdə biri əsas risk kimi ya geoiqtisadi qarşıdurmanı (18 %, 1-ci yer), ya da dövlətlər arasında silahlı münaqişələri (14 %, 2-ci yer) göstərib. Ötən illə müqayisədə geoiqtisadi qarşıdurma iki mövqe yüksəlib, dövlətlərarası münaqişələr isə birinci yerdən ikinciyə enib. Ekstremal hava hadisələri isə 8 % göstərici ilə üçüncü yerdə qərarlaşıb.

Bu ilin digər əhəmiyyətli riskləri arasında respondentlər sosial qütbləşməni (7 %, 4-cü yer), dezinformasiya və yanlış məlumatların yayılmasını (7 %, 5-ci yer) vurğulayıblar, iqtisadi tənəzzül isə ilk onluqda altıncı yerdə (5 %) qərarlaşıb. Bundan əlavə, texnoloji təhdidlərlə bağlı narahatlığın artması qeyd olunub: ilk onluğa ilk dəfə süni intellektin istifadəsinin mənfi nəticələri (8-ci yer, 4 %) və kibertəhlükəsizlik (9-cu yer, 3 %) daxil olub. Bununla belə, bərabərsizlik 10-cu yerdə (3 %), insan hüquqları və vətəndaş azadlıqlarının pozulması riski isə iki mövqe yüksələrək 7-ci yerdə (4%) qərarlaşıb. Qısamüddətli perspektivdə ekoloji təhdidlər yenidən qiymətləndirilib: yer sistemlərində kritik dəyişikliklər riski 7-ci yerdən 13-cü yerə enib.

Orta müddətli perspektivdə (2028-ci il), geoiqtisadi qarşıdurma təkcə əsas qlobal risk statusunu saxlamayacaq, həm də kəskin artım nümayiş etdirərək birbaşa səkkiz mövqe yüksələcək. 2023-cü ildən bəri ilk dəfə olaraq dezinformasiya və yalan məlumatların yayılması ikinci yerdə qərarlaşacaq, ardınca sosial qütbləşmə (3-cü yer) və ekstremal hava hadisələri (4-cü yer) gəlir. Dövlətlər arasında silahlı münaqişələr 2028-ci il diapazonunda beşinci mövqeyə enəcək, bu da qlobal qeyri-sabitliyin fokusunun iqtisadi və texnoloji müstəviyə keçməsini əks etdirir.

Uzunmüddətli perspektivdə (2036-cı il), qlobal təhdidlərin strukturu prinsip etibarilə dəyişəcək. Sorğu iştirakçılarının qiymətləndirmələrinə görə, ekstremal hava hadisələri birinci yerdə qərarlaşacaq və risklərin yarısı ekoloji xarakter daşıyacaq. Biomüxtəlifliyin itirilməsi və ekosistemlərin çöküşü ikinci mövqeni qoruyacaq, onların ardınca yer sistemlərində kritik dəyişikliklər (3-cü yer) gələcək.

Beləliklə, WEF-in hesabatı qlobal təhdidlərin aydın dinamikasını qeyd edir: 2026-cı ildə geoiqtisadiyyat və geosiyasətin dominantlığı, 2028-ci ildə risklərin mürəkkəbləşməsi və 2036-cı il üfüqündə dünya sisteminin sürətlənən struktur dəyişiklikləri fonunda fokusun ekoloji və texnoloji təhdidlərə keçməsi.

Hesabata görə, Azərbaycan üçün 2026-cı ildə əsas risklər kimi bunlar göstərilib: kibertəhlükəsizlik; ətraf mühitin çirklənməsi problemləri; dezinformasiya və yalan məlumatlar; inflyasiya və hava ilə bağlı olmayan təbii fəlakətlər.

Ermənistan üçün bu il əsas risklər bunlardır: dövlət xidmətlərinin və sosial müdafiənin qeyri-kafi səviyyəsi (təhsil, infrastruktur, pensiyalar daxil olmaqla); dövlətlərin iştirakı ilə silahlı münaqişələr (proksi-müharibələr, vətəndaş müharibəsi, çevrilişlər, terrorizm və s.); dezinformasiya və yalan məlumatlar; iqtisadi imkanların çatışmazlığı və ya işsizlik; iqtisadi tənəzzül (resessiya, durğunluq).

Ermənistana dair bu risklər (ehtimal ki, onlar iyunda keçiriləcək parlament seçkiləri nəzərə alınaraq tərtib edilib - red.) CIVITTA İnstitusional Araşdırmalar Mərkəzinin sorğusu əsasında müəyyən edilib.

Gürcüstan üçün beş əsas risk bunları əhatə edir: kibertəhlükəsizlik; iqtisadi imkanların olmaması və ya işsizlik; biomüxtəlifliyin itirilməsi və ekosistemlərin dağılması; süni intellekt texnologiyalarının mənfi nəticələri; kibermüharibə.

Qeyd edək ki, hesabat dünyada 11 mindən çox respondent arasında keçirilmiş sorğu əsasında tərtib edilib. Sorğu 2025-ci ilin mart ayından iyun ayına qədər keçirilib.

Seçilən
67
far.az

1Mənbələr