İranda davam edən etirazlar fonunda ölkənin gələcək siyasi taleyi ilə bağlı müxtəlif ssenarilər irəli sürülür. Xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində mümkün parçalanma və ya hakimiyyət dəyişikliyi ehtimalları beynəlxalq ekspertlərin diqqət mərkəzindədir. Bu kontekstdə səsləndirilən fikirlər region ölkələri, o cümlədən Azərbaycan üçün də mühüm geosiyasi nəticələr vəd edir.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın müxtəlif ölkələrdə siyasi və hərbi strukturlar daxilində təsir mexanizmləri yaratması tarixən məlum faktdır:
“Bu cür mexanizmlər İran, İraq və Türkiyədə baş verən çevriliş cəhdlərində açıq şəkildə müşahidə olunub. ABŞ-ın “Gladio” kimi tanınan strukturları bir sıra ölkələrdə hərbi və siyasi institutlara sızaraq Vaşinqtonun kəşfiyyat orqanlarının nəzarətində fəaliyyət göstərib. Zaman yetişdikdə isə çevrilişlər, siyasi qətllər və destabilizasiya prosesləri həyata keçirilib. İraqda Səddam Hüseynin devrilməsi, İranda Şah rejiminin süqutu, Türkiyədə baş verən FETÖ hadisələri bu siyasətin nəticələri kimi dəyərləndirilə bilər”.
Politoloqun sözlərinə görə, bu baxımdan SEPAH daxilində də ABŞ-la əlaqəli qüvvələrin mövcudluğu istisna edilmir:
“Bu ehtimal özünü xüsusilə İsraillə baş vermiş 12 günlük müharibə zamanı da göstərdi. Əgər ABŞ istəsə, İranda mövcud rejimi dəyişmək və hakimiyyətə öz maraqlarına uyğun fiquru gətirmək imkanına malikdir. Lakin SEPAH daxilindən çıxacaq bir şəxsin teokratik rejimə son qoyması ssenarisi yüksək ehtimallı görünməsə də, tamamilə mümkünsüz də deyil”.
Azər Qasımov qeyd edib ki, SEPAH-ın indiyə qədər hansı ideologiyaya və siyasi xəttə xidmət etdiyi məlumdur:
“Bu strukturlardan çıxacaq birinin teokratik sistemdən kənar, tamamilə fərqli bir idarəçilik modeli qurması zəif ehtimaldır. Bununla belə, tarix göstərir ki, Şah rejiminin devrilməsi zamanı ABŞ-a bağlı generalların teokratik rejimin qurulmasına razılıq verməsi gələcəkdə də oxşar ssenarilərin istisna edilmədiyini deməyə əsas verir. Yəni, teokratik sistemin dağılması və onun yerinə daha sivil, region ölkələri ilə normal münasibətlər qura bilən bir dövlət modelinin formalaşması ehtimal daxilindədir”.
//Gülnarə Abasova, Editor.az