Bakı, 19 yanvar, AZƏRTAC
İllər keçsə də, Ermənistanın Ağdam rayonuna qarşı həyata keçirdiyi işğal siyasətinin acı nəticələri yaddaşlardan silinmir. Bəzən bir ağacın kölgəsində qalan xatirə bütöv bir faciənin rəmzinə çevrilir. “Alça ağacının kölgəsində qalan yaddaş” bu torpaqlarda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin, yarımçıq qalan insan talelərinin və unudulmayan ağrıların canlı şahididir.
AZƏRTAC erməni işğalının yaratdığı bu acı reallıqla bağlı yazını oxuculara təqdim edir.
1993-cü ilin iyulu… Ağdamın Sarıcalı kəndində zaman sanki dayanır. O günlərdə torpaq da, səma da insan faciəsinə şahidlik edir. Sarıcalı kənd sakini Xəqani Əliyevin taleyi həmin gün bir ailənin deyil, bütöv bir xalqın ağrısını özündə cəmləyən hekayəyə çevrilir.
İyulun 23-də erməni silahlı birləşmələrinin Ağdama növbəti hücumu zamanı Xəqani Əliyev kəndi tərk etməyən valideynlərini xilas etmək üçün doğma evinə qayıtmağa qərar verir. Bu, həyatla ölüm arasındakı yol idi. İyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olan Xəqani yolda qarşılaşdığı silahlı şəxsləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Lakin bir neçə dəqiqə sonra açılan atəş bu ümidin üzərindən qara xətt çəkir.
Düşmən güllələri onun gözləri önündə qaynatasını və cəmi 7 yaşlı oğlunu əlindən alır. Həmin an Xəqani Əliyev anlayır ki, şəhər işğal edilib, özü isə sağ qalan azyaşlı oğlu ilə birlikdə girov düşüb. Bu, təkcə fiziki əsirlik deyil, ömürlük bir yaddaş əsarəti idi.
Faciənin ən ağır yükü isə torpağa tapşırılan ümiddir. Xəqani Əliyev qayınatasını atəşə tutulduqları yolun kənarında, oğlunu isə doğma evlərinin həyətində — uşağın hər gün kölgəsində oynadığı, sevdiyi alça ağacının altında dəfn edir. O gündən etibarən həmin ağac bir uşağın yoxluğunu, bir atanın sükuta çevrilən fəryadını daşıyır.
İllər ötür. Ağdam azad olunur. Amma Sarıcalıya qayıdan Xəqani Əliyevi tanış divarlar deyil, viranəlik qarşılayır. Təxminən 30 il davam edən işğal dövründə kənddə daş-daş üstündə qalmayıb, evlər dağıdılıb, ağaclar kəsilib, izlər silinib. O, yaddaşına söykənərək oğlunun məzarını axtarır — alça ağacının kölgəsini.
İllər torpağın üzərindən keçsə də, torpaq hər şeyi unutmur. Dağıdılmış evlərin yerində yalnız sükut qalıb, kəsilmiş ağacların kölgəsi isə yalnız xatirələrdə yaşayır. Xəqani Əliyev Sarıcalıda addımladıqca, hər qarış torpaq ona bir səs pıçıldayır — uşaqlıq gülüşlərinin, yarımçıq qalan arzuların səsi.
Alça ağacı artıq yoxdur. Amma onun kölgəsi hələ də bu torpağın üzərindədir. Bir atanın yaddaşında, bir xalqın hafizəsində. O məzarın yeri tapılsa da, tapılmasa da, bu torpaq artıq öz şahidliyini edib. Burada bir uşaq uyuyur, burada bir ata ömürlük dərdini torpağa əmanət edib. Xəqani deyir ki, yaddaşında qalan izlərlə 7 yaşlı şəhid balasının cənazəsini tapır. Övladının cənazəsini dəfn etdiyi yerdə tapan atan 30 illik faciəsini yenidən yaşadı. 30 ildən sonra ata yurduna və övladına qovuşan Xəqani oğlunun məzarının evinin həyətində saxlanmasını istəyir. Onun istəyinə görə, ata evi bərpa olunduqdan sonra övladının məzarı da düzəldilərək həyətində saxlanılıb.
Bu hekayə təkcə bir ailənin faciəsi deyil. Bu, işğalın insan talelərinə vurduğu sağalmaz yaraların, sükutun içində qışqıran yaddaşın hekayəsidir. Torpaq danışmasa da, yaddaş susmur. Alça ağacının kölgəsində qalan bu yaddaş bir məzardan daha böyükdür — o, millətin vicdanında yaşayır.